Fontu böyüt:
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) fevralın 27-də “AzEuroTel” Britaniya-Azərbaycan telekommunikasiya BM-in peyk terminalının işini dayandırıb. Bununla ölkənin 30 bankının və digər korporativ müştərilərin peyk rabitəsi kəsilib.
“AzEuroTel”in məlumatında deyilir ki, bu qanunsuz hərəkətlər RİTN rəhbərliyinin sərəncamı əsasında həyata keçirilib. Şirkət hesab edir ki, nazirlik qanunsuz hərəkətləri ilə banklara ciddi iqtisadi ziyan vurub və onların beynəlxalq nüfuzuna xələl gətirib. Məlumatda həmçinin deyilir ki, ən qısa vaxt ərzində xidmətlərin bərpa edilməsi üçün mümkün olan hər şey edilir.
Bir müddət əvvəl, fevralın 19-da tərəflər nazirlik və şirkət arasında münaqişənin kəskinləşməsini əks etdirən məlumatlar yayıblar. Həmin gün “Aztelekom” milli rabitə operatoru (Azərbaycanda beynəlxalq rabitə sahəsində inhisarçı) 1 saylı Bakı İqtisad Məhkəməsinə göstərilən rabitə xidmətlərinə görə borcla bağlı “AzEuroTel”ə qarşı iddia ərizəsi ilə müraciət edib. Səhkəmə iclası martın 4-də keçirilməlidir.
Öz növbəsində, “AzEuroTel” BM “Aztelekom” İB-i qarşılıqlı birləşmə haqda imzaladıqları Müqavilənin şərtlərini müntəzəm olaraq pozmaqda ittiham edib ki, bu da xidmətin keyfiyyətinin aşağı düşməsində əksini tapıb. Şirkət elan edib ki, bunun nəticəsində 2,5 mln. manat dəyərində ziyana düşüb və beynəlxalq imicinə ciddi zərbə vurulub.
Bir müddət əvvəl 1 saylı İqtisad Məhkəməsi dövlət inhisarçısı olan “Aztelekom”a “AzEuroTel” BM-in telefon stansiyalarının fəaliyyətini dayandırmağı qadağan edib və imzalanmış sazişlər çərçivəsində xidmətlərlə təmin etməyi tələb edib.
Qeyd ed\'ək ki,“AzEuroTel” Azərbaycan-Britaniya birgə müəssisəsi 1995-ci ildə Azərbaycan Respublikasının Rabitə Nazirliyi və “LUKoil Europe ltd” şirkəti (Böyük Britaniya) tərəfindən yaradılıb. Hazırda tərəflərin hər birinin pay iştirakı 50% təşkil edir. “AzEuroTel” müasir rəqəmsal ATS operatorudur (492/497/437).