Fontu böyüt:
Ayın 7-də keçiriləcək parlament seçkilərini izləmək üçün bu günədək ölkəmizdə 1008 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Noyabrın 2-dən sonra isə müşahidəçilərin sayında kəskin artım olacaq.
Mərkəzi Seçki Komissiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Rövzət Qasımov bildirib ki, müşahidəçilərin sayından asılı olmayaraq, seçkilər şəffaf keçiriləcək və bunun üçün veb kameralar var. 500 məntəqədə quraşdırılan kameraların seçki günü qüsursuz işləməsi üçün artıq texniki hazırlıq işlərinə başlanıb. Rövzət Qasımov əvvəllki illərdən fərqli olaraq veb kameraların işini yüksək qiymətləndirib. Bir çox ölkələrdə səsvermənin gedişinin müəyyən bir qaydada yazılması prosesinin olduğunu deyən Rövzət Qasımov söyləyib ki, birbaşa veb kameralar vasitəsi ilə internetə ötürülməsi, insanların bunu birbaşa imzalanmasına şərait yaradılması birinci dəfə bizim təcrübəmizdən istifadə olunub: “2008-ci ildə səsvermə günü 40 mindən yuxarı internet istifadəçisi istifadə etmişdi. Bu tək respublikanın daxilində deyil, eyni zamanda respublikanın xaricində olan internet istifadəçiləri də demək olar ki, bəziləri saatlarla izləyiblər”.
Rövzət Qasımov ötən seçkilərdə kameraların işi və internetdə məntəqələrin izlənməsi ilə bağlı şikayətlərin olduğunu deyib. Amma şöbə müdiri bildirib ki, yüklənmələrdə problem olmur, sadəcə vətəndaşlar texniki qaydalara düz riayət etmir. MSK nümayəndəsinin sözlərinə görə, əvvəllər bununla bağlı məlumatlar daxil olurdu: \\Bu sadə bir prosesdir. Müasir kompüter proqramlarında veb kameralarla davranmanın asan yolu var. Kompüter proqramları imkan verir ki, heç bir xüsusi proqram yükləmədən baxılsın\\.
Qeyd edək ki, quraşdırılmış 500 kameradan 189-u Bakıda, 286-sı Abşeronda, 25-i Naxçıvanda və ölkənin digər 37 rayonunda yerləşdirilib.