Fontu böyüt:
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində məlumatlarının dəyişdirilməsi” elektron xidmətinin göstərilməsinə başlanılıb.
“Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidmətindən mülkiyyət hüquqları və abonentin şəxsi məlumatlarında dəyişiklik olduqda istifadə edilir. Məsələn, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və yaxud abunəçinin şəxsi məlumatları (ad, soyad və s.) ilə bağlı dəyişiklik olduqda mülkiyyətçi məlumatların dəyişdirilməsi üçün lazımi sənədləri təqdim edərək elektron formada müraciət edə bilər. İndiyədək abonent adının dəyişdirilməsi üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər: bu da əlavə vaxt itkisi və texniki proseduralarla müşahidə olunurdu. Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra abonent məlumatlarını www.azersu.az saytı vasitəsilə elektron müraciət edərək dəyişdirə biləcəklər. Hazırda bu xidmətin www.e-gov.az portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir.
Xidmətdən istifadə etmək üçün sistemə abonent kodu daxil edilir və bu zaman ekranda abonent məlumatları səhifəsi açılır. Burada abonentin adı, soyadı, atasının adı, yaşayış obyektinin adı, ailə tərkibi , şəxsiyyət vəsiqəsinin PİN kodu, göstərilən xidmətin adı (içməli su və kanalizasiya xidməti) və abonentin borcu barədə məlumatlar yerləşdirilmişdir.
Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi müvafiq məlumatı seçməli və tələb olunan proseduraları yerinə yetirməlidir. Eyni zamanda şəxsiyyət vəsiqəsinin, əmlakın mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədin, ailə tərkibi haqqında arayışın skan olunmuş surətləri və əlaqə vasitələri sistemə daxil edilməlidir. (Bu barədə daha ətraflı www.azersu.az saytının “elektron xidmətlər” bölməsinin “Abonent məlumatlarının dəyişdirilməsi” alt bölməsində verilmişdir). Elektron xidmətdən istifadə edənlər xidmətin reqlamentində göstərilən tələblərə əməl etməli və müraciət formasındakı məlumatları düzgün cavablandırmalıdır. Sistemin yüklənmə ehtimalı nəzərə alınaraq bir mənbədən elektron məlumatın göndərilməsinin müddəti 1-5 dəqiqə müəyyənləşdirilmişdir. Ümumilikdə abonent məlumatlarının dəyişdirilməsi əməliyyatı “online” müraciət qeydiyyata alındığı gündən 3 (üç) iş günü ərzində həyata keçirilir və bu xidmət ödənişsizdir. Müraciət abunəçinin elektron poçtuna məlumat verməklə cavablandırılır. Müraciətdə göstərilən elektron poçt(e-mail) ünvanı doğru və aktiv istifadədə olmalıdır.
Abonent məlumatlarının dəyişdirilməsi ilə yanaşı, hazırda “Azərsu” ASC tərəfində daha 3 növdə elektron xidmət tətbiq olunur. İstehlakçılar içməli su və kanalizasiya xidmətlərinə görə borcları internet vasitəsi ilə öyrənə, internet və ödəmə terminalları vasitəsi ilə ödəniş edə bilər, həmçinin ödəmə terminalları vasitəsi ilə smart kartların yüklənməsini həyata keçirə bilərlər. /bizimyol.info/