Fontu böyüt:
ABŞ bloqqerlər Emin Milli və Adnan Hacızadənin, həbsdəki jurnalist Eynulla Fətullayevin məsələsini izləməkdə davam edir. Vaşinqton onları azadlığa buraxmağa çağırır.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon AzadlıqRadiosuna müsahibəsində deyib.
O, məsələlərin prezident Barak Obama və Dövlət katibi Hillari Klinton tərəfindən qeyd edildiyini xatırladaraq onları unutmadıqlarını, səfirlik və hökumətin bütün səviyyələrində diqqətdə saxladıqlarını deyib:
BU MƏSƏLƏ AZƏRBAYCAN PREZİDENTİLƏ DƏ DANIŞILIB
«Biz bu məsələlərə diqqət verməyə çağırırıq və onlar bu məsələ ilə məşğul olmalı və bloqqerlər azad edilməlidir - bu bizim baxışımızdır. Prezident və dövlət katibi Bakıda bu məsələni həmsöhbətləri ilə yüksək səviyyədə qaldırıb. Mən hesab edirəm ki, ABŞ prezidenti geniş diapazonlu strateji məsələlərə dair görüşdə bu məsələnin vacibliyini vurğulamağa vaxt taparaq, bu kimi insan haqları məsələsinə şəxsən diqqət göstərməklə mühüm mesaj göndərmiş olub. O, bu məsələni Nyu-Yorkda Azərbaycan prezidenti ilə də edib. Biz hesab edirik ki, Azərbaycan bilir ki, dünya bu məsələni diqqətdə saxlayıb və onlar bu məsələni həll etməlidir».
Adnan Hacızadə və digər bloqqer Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.
«Realnı Azerbaidjan» və «Gündəlik Azərbaycan» qəzetlərini baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bir sıra beynəlxalq təşkilatlar bu həbsləri pisləyib, onların tənqidi mövqeyinə görə həbs edildiklərini deyib və dəfələrlə Azərbaycan rəhbərliyini onları azad etməyə çağırıblar.
mənbə: Azadlıq Radiosu