Fontu böyüt:
Microsoft şirkəti tərəfindən bütün dünya istifadəçilərinin diqqətini qeyri-lisenziyalı proqram təminatının törədə biləcəyi təhlükəyə cəlb etmək məqsədilə Consumer Action Day (Fəal Müştəri Günü) bəyan olunub.
İKT İnformasiya Mərkəzindən verilən məlumatda bildirilir ki, “Consumer Action Day”-ın məqsədi – insanları mövcud təhlükə haqqında məlumatlandırmaq və onun mahiyyətini aydınlaşdırmaqdır. Dünyanın 70-dən çox ölkəni təmsil edən insanlar www.howtotell.com saytında fırıldaqçılar tərəfindən necə aldandıqlarını könüllü olaraq danışıblar.
Saxtakarlığın qurbanı olan və bunu etiraf edən insanlar əmin olublar ki, onlar tənha deyil: bütün dünya üzrə yüz minlərlə insan oxşar uğursuzluqlarla qarşılaşıblar. Son iki il ərzində bütün dünya üzrə bilmədən qeyri-qanuni proqram təminatı əldə edən 150 mindən çox istifadəçi öz hekayələrini Microsoft şirkətinə danışıb. Həmin hekayələrdə onlar qarşılaşdığı qeyri-müsbət təcrübə haqda ətraflı məlumat verdilər.
“Pirat proqram təminatının real qiyməti düşündüyünüzdən bir xeyli yuxarı ola bilər. Saxtakarlıqla qarşılaşan alıcılar bilməlidirlər ki, piratçılıq böyük bir təhlükədir. Genişzolaqlı internetin həyatımıza sürətlə daxil olması sayəsində bu təhlükə daha da armaqdadır. Bu o deməkdir ki, sözügedən fəaliyyətə cəlb olunan cinayətkarların sayı tədricən artır. Onların qeyri-lisenziyalı proqram təminatı vasitəsilə təhlükəsizlik sisteminizə zərər gətirən və məxfi məlumatınızı kopiyalayan müxtəlif virusların və kodların kompüterinizə yükləmək marağı da artır”, - deyə Microsoft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov qeyd edib.
Qeyd dək ki, BSA assosiyasiyasının verdiyi məlumatlara əsasən, Azərbaycanda piratçılıq səviyyəsi 90% təşkil edir; piratçılığın səviyyəsinə ölkəmiz dünyada altıncı yerdədir. İlk üçlüyə Gürcüstan (95%), Banqladeş (92%) və Ermənistan (92%) daxildir.