Fontu böyüt:
Səfirliyin müdaxiləsindən sonra “Vodafone Egypt”lə “Karabakh Telecom” arasında əməkdaşlıq dayandırılıb
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən verilən məlumata görə, MƏR-in “Vodafone Egypt” mobil rabitə şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq sahəsində əməkdaşlıq etdiyi müəyyən edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı Azərbaycan Respublikasının Qahirədəki səfirliyi tərəfindən Misirin Xarici İşlər Nazirliyinə nota göndərilib, Xarici İşlər Nazirliyinin məsul şəxsləri ilə görüşlər keçirilib, “Vodafone Egypt” mobil rabitə şirkətinin “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığının qeyri-qanuni olduğu, beynəlxalq hüququn prinsipləri və Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri ilə ziddiyyət təşkil etdiyi qeyd olunaraq, bu əməkdaşlığın dərhal dayandırılması xahiş olunub.
Səfirliyimizin müraciətinə cavab olaraq cari ilin 29 may tarixində Misirin Xarici İşlər Nazirliyi tərəfindən “Vodafone Egypt” ilə “Karabakh Telecom” arasında əməkdaşlığın dayandırıldığı barəsində məlumat verilib.