Fontu böyüt:
Əlil insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihənin növbəti mərhələsi gerçəkləşmək üzrədir.
Bu mərhələdə Naxçıvan şəhərində Regional İnformasiya Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Mərkəzin xidmətindən şəhərdə, eləcə də muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsurlu insanlar yararlana biləcəklər.
Müasir texnologiyalarla təchiz olunan mərkəzdə oxu zalı, təlim-tədris bölməsi, audiokitabxana, ədəbiyyat fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə olunması xidmətlərini təmin edən kompyuter salonu fəaliyyət göstərəcəkdir. Səsyazma studiyasının köməyi ilə 50 adda audiokitab fonduna malik kitabxananın zənginləşdirilməsi nəzərdə tutulmuşdur.
Sürətli internetlə təmin olunmuş mərkəzdə 20 kompyuterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə qabiliyyətini itirmiş insanlar üçün Brayl displeyləri, 2 ədəd sərbəst oxuyan maşın və Brayl printeri, müxtəlif dillərdə nəşrləri səsləndirəcək oxu maşını quraşdırılacaqdır. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompyuterlərə böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən kompyuter oyunlarının təşkili nəzərdə tutulmuşdur. Regional İnformasiya Mərkəzinin internet saytı istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, “tanışlıq” bölməsinin köməyi ilə bir-biriləri ilə ünsiyyət qurmağa imkan yaradacaqdır. İkimərtəbəli binada yerləşən mərkəzə əlil arabası ilə gələnlərin maneəsiz hərəkəti üçün lazımi şərait olacaqdır.
Birgə əməkdaşlıq çərçivəsində Gəncə şəhərində də müvafiq mərkəz yaradılır. Regional İnformasiya Mərkəzinin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Şəmkir rayonlarında yaşayan 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcəkdir.
Fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına yönələn ilk layihə 2005-2006-cı illərdə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilmişdi. Layihə kor və zəif görən uşaqlar üçün Respublika internat orta məktəbində müvafiq mərkəzin yaradılmasına imkan yaratmışdır.