Bundan sonra dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Eyni zamanda bəzi dövlət qurumlarının “Məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq.
Bundan sonra dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Eyni zamanda bəzi dövlət qurumlarının “Məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq. Bu problemin aradan qaldırılması isə “Elektron hökumət” portalının köməyi ilə həyata keçiriləcək. Belə ki, elektron imza ilə təsdiqlənən müraciətlər adi müraciətlərdən fərqli olaraq, daha çox hüquqi qüvvəyə malik olduğundan bu, qarşı tərəfi müraciəti cavabsız qoymaq məsuliyyətindən azad edə bilməyəcək.
Müraciətin icrasının qeyri-qanuni səbəblər üzündən ləngiməsi və ya icrasına başlanmaması kimi səbəblər üzündən mübahisəli hallar yarandığı təqdirdə müraciət edən şəxs müraciət etdiyi quruma qarşı bunu əsas sübut kimi də istifadə edə biləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (MHM) Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovun sözlərinə görə, vətəndaşların “e-gov.az” portalı vasitəsilə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanladıqları elektron müraciətlərin nəzarət mexanizmi var:
“Hazırda elektron hökumət portalı vasitəsilə müraciətlər arxivləşdirilir. Orada göndərilən müraciətin ünvanı, məzmunu və sair göstərilir. Gələcəkdə aidiyyəti dövlət qurumuna çıxış qoyulacaq və portal vasitəsilə müxtəlif orqanlara ünvanlanan müraciətlər və onların icrası prosesi nəzarətedici qurumlarda görünəcək. Ondan sonra sorğular, onların məzmunu, müraciətlərə cavab verilib-verilməməsinin hesabatı aparılacaq”.
N.Mərdanov bildirib ki, mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edən vətəndaşlar cavab almadıqları təqdirdə portala daxil olaraq sorğusunun təsdiqini arxivdən götürə biləcək. Bu da elektron xidməti təqdim edən tərəflə xidmət istifadəçisi arasında gələcəkdə mübahisəli hallar yarandığı zaman əsas dəlil kimi istifadə oluna bilər. (ictnews.az)