Mayın 17-də “Park-İNN” otelində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Yeni mediada etik standartların təbliği” layihəsinin icrası çərçivəsində jurnalistlər üçün “dəyirmi masa” keçirilmişdir.
Mayın 17-də “Park-İNN” otelində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Yeni mediada etik standartların təbliği” layihəsinin icrası çərçivəsində jurnalistlər üçün “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən İB-nin sədri Ayaz Mirzəyev layihənin əhəmiyyətindən söz açmışdır.
Bildirilmişdir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Layihənin əsas məqsədi yeni mediada etik standartların və milli mənəvi dəyərlərin təbliği istiqamətində peşəkar müzakirə və silsilə təlimlər təşkil etməkdir. Layihə çərçivəsində ölkəmizin bir neçə regionunda da jurnalistlər üçün oxşar təlim və müzakirələrin təşkili nəzərdə tutulmuşdur.
Yeni mediada etik normaların qorunmasının zəruriliyindən söz açan A.Mirzəyev demişdir ki, bu elektron resurslarında insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verilməməlidir. Yeni mediada etik qaydalara etinasız yanaşmaların qarşısı alınmalıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları layihənin aktuallığından və geniş auditoriyalarda keçirilməsinin zəruriliyindən söz açmışlar.
Son illərdə ölkəmizdə media qurumlarının hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən söz açan “dəyirmi masa” iştirakçıları vurğulamışlar ki, biz elektron resursların fəaliyyətinin məhdudlaşdırılmasının deyil, onların etik norma və prinsiplərə əməl edərək daha keyfiyyətli fəaliyyət göstərməsinin tərəfdarıyıq.
Yeni media resurslarında insanların şəxsi həyatlarına müdaxilə hallarına tez-tez rast gəlindiyini söyləyən natiqlər demişlər ki, bu, yolverilməz haldır. Gərək cəmiyyətin bütün üzvləri ilə yanaşı, peşəkar, oturuşmuş media qurumları da həmin resursların fəaliyyətini tənzimləyən ictimai qınaq vasitələrindən istifadə etsinlər.
“Dəyirmi masa”da vurğulanmışdır ki, jurnalistlər öz adını, nüfuzunu qorumaqla yanaşı, cəmiyyətdə bu sənətə olan marağı da artırmalıdırlar.
Qeyd edilmişdir ki, yeni media qurumlarında etik standartların tətbiqi və təbliği məsələsinə hər kəs həssaslıqla yanaşmalıdır. (azertag.com)