Fontu böyüt:
İyulun 1-dən 30-dək mətbuatın inkişafına dövlət dəstəyini həyata keçirmək məqsədilə müsabiqə elan ediləcək. Bu məlumatı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov verib.
Mövzuyla əlaqədar mətbuat konfransında çıxış edən V. Səfərov bildirib ki, dövlət büdcəsindən bu məqsədlə ayrılan 1 milyon 300 min manatın 200 min manatı fondun saxlanılmasına, 1 milyon 100 min manatı isə layihələrin maliyyələşdirilməsinə xərclənəcək: “Bir layihəyə ayrılacaq vəsait 20 min manatdan artıq olmayacaq.
Layihələrin təqdimatı üçün 11 istiqamət müəyyənləşdirilib. Bunlar əsasən insan hüquqları, söz azadlığı, qaçqın və məcburi köçkünlərin problemi, Dağlıq Qarabağ münaqişəsi və digər istiqamətlərdir. Bu il maliyyə vəsaitinin məbləği yetərli deyil. Növbəti illərdə həm istiqamətlər, həm də layihələrin qiymətləndirilməsində dəyişikliklər olacaq. Dövlət tərəfindən təsis olunan mətbuat orqanları müsabiqəyə buraxılmayacaq. Təqdim olunan layihələr 7 səhifədən artıq olmamalı və bura büdcə də daxil edilməlidir”.
V. Səfərov layihələr üçün sənəd qəbulunun fondun Şeyx Şamil küçəsindəki ofisində aparılacağını söyləyib. Onun sözlərinə görə, sənəd qəbulu başa çatdıqdan sonra avqust ayında layihələr ekspert qiymətləndirilməsinə təqdim ediləcək: “Təqdim olunan layihələrə ekspert rəyləri peşəkar olacaq”.
Cənab Səfərov həmçinin öz çıxışında bildirib ki,qaydalara əsasən, dövlət orqanlarının təsis etdikləri qəzetlər, internet saytları və televiziyalar bu müsabiqədə iştirak edə bilməz.