Fontu böyüt:
Nəsimi rayon Məhkəməsində hakim Elmar Kərimovun sədirliyi ilə «Ayan» qəzetinə qarşı «Viləş» Su Anbarının direktoru Ağabəy Ağayev tərəfindən qaldırılmış mülki işlə bağlı məhkəmə prosesi keçirilib.
Qaynar.info-nun verdiyi xəbərə görə, həmin iddianın qaldırılmasına səbəb «Ayan» qəzetinin 08 mart 2009-cu il tarixli sayında «1000 nəfərin həyatı təhlükə qarşısındadır» başlıqlı yazıdır.
Həmin yazıda «Viləş» Su Anbarının yardımçı bəndlərinin yararsız hala düşməsindən və bu səbəbdən də yaxınlıqda yerləşən kəndlərin su altında qala biləcəyindən bəhs olunurdu. A.Ağayev də bu yazıda onun şərəf və ləyaqətinin təhqir olunduğu, işgüzar nüfuzuna xələl gəldiyi iddiası ilə məhkəmə qarşısında məsələ qaldıraraq, «Ayan» qəzetinin baş redaktoru Cavid Ələsgəroğlunun təkzib verməsini və 147.1-ci və 147.2-ci maddələri ilə təqsirli bilinərək, xüsusi ittiham qaydasında işə baxılmasını tələb edirdi.
Dünən keçirilən məhkəmə prosesində hakim mülki qaydada qaldırılmış iddiaya baxaraq, məsələni araşdırıb. Hər iki tərəfi dinləyən hakim yekunda qaldırılmış iddia ilə bağlı qərar çıxarıb. Həmin qərara əsasən Ağabəy Ağayev tərəfindən qaldırılmış iddia əsassız sayılaraq, rədd edilib.
Xüsusi ittiham qaydasında qaldırılmış iddiaya isə oktyabrın 9-da saat 10-00-da Nəsimi rayon Məhkəməsində hakim Elmar Kərimovun sədirliyi ilə baxılacaq.