Fontu böyüt:
«Google» şirkətinin vitse-prezidenti Alan Yustas etiraf edib ki, şirkət bilmədən bəzi istifadəçilərin şəxsi məlumatlarını ələ keçirib. Buraya onların elektron poçt və URL ünvanları və həmçinin, parolları daxildir.
Bu barədə Yustas şirkətin rəsmi bloqunda yazıb. Onun sözlərinə görə, «Google»nin avtomobilləri dünyanın bir çox şəhərlərində «Street View» xidməti üçün küçələrin şəkillərini çəkərkən, avtomatik olaraq, yaxınlıqda qorunmayan internet şəbəkələrə daxil olublar və bu şəbəkələrdən məlumatlar toplayıblar. Bu barədə şirkət hələ bu ilin mayında məlumat yaymışdı. Həmin rəhbərlik bildirmişdi ki, toplanan məlumatlar fraqment səciyyə daşıyıb və insanların şəxsi məlumatlarına toxunulmayıb. Amma sonradan ekspertlərin apardığı təhlillər zamanı müəyyən edilib ki, bu məlumatlar arasında bəzi şəxslər arasında tam informasiyalar mövcuddur. Yustas bloqda qeyd edir ki, şirkət bu məlumatları ən qısa zamanda məhv edəcək. O, həmçinin, insanların şəxsi məlumatlarının oğurlanmasına görə üzrxahlıq edib. Buna baxmayaraq, dünyanın bir sıra ölkələrində hüquq müdafiəçiləri şirkətin qeyri-qanuni yolla şəxsi informasiyaları ələ keçirməsi faktını araşdırmağa başlayıb.
Əgər müəyyən edilsə ki, bununla qanun pozuntusu qeydə alınıb, şirkəti böyük məbləğdə cərimələr gözləyir. «Google Street View» texnologiyası 2007-ci ildə işə salınıb. Bu xidmət internet istifadəçilərinə dünyanın müxtəlif şəhərlərindən görüntülər təqdim edir. İnformasiyanı isə xüsusi avadanlıqlar və kameralarla təchiz edilmiş avtomobillər toplayır.