İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

RİTN-nin Azərbaycan İnternet Forumunun prezidentinin məktubuna cavabı

08.01.2009 [22:42]

Fontu böyüt:      

16 dekabr 2008-ci il tarixində Azərbaycan İnternet forumunun prezidenti, «Multimedia» Mərkəzinin direktoru Osman Gündüz tərəfindən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova məktub ünvanlanmışdır. Nazir Əli Abbasov tərəfindən həmin məktuba baxılmışdır. Məktuba cavab hazırlanaraq Azərbaycan İnternet forumunun prezidentinə göndərilmişdir.

  16 dekabr 2008-ci il tarixində Azərbaycan İnternet forumunun prezidenti, «Multimedia» Mərkəzinin direktoru Osman Gündüz tərəfindən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova məktub ünvanlanmışdır.
Nazir Əli Abbasov tərəfindən həmin məktuba baxılmışdır. Məktuba cavab hazırlanaraq Azərbaycan İnternet forumunun prezidentinə göndərilmişdir:

 

Azərbaycan İnternet Forumunun prezidenti,
“Miltimedia” Mərkəzinin direktoru
cənab O.Gündüzə


Hörmətli Osman müəllim!

  Sizin 16 dekabr 2008-ci il tarixli R\\135 saylı məktubunuza nazir Ə.Abbasov tərəfindən baxılmışdır. Bununla əlaqədar aşağıdakıları diqqətinizə çatdırırıq. Məktubda toxunduğunuz məsələlər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) xüsusi önəm verdiyi məsələlərdir. Azərbaycanda İKT-nin inkişafına və mövcud problemlərinə göstərdiyiniz diqqətə görə təşəkkür edir, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində fəaliyyətinizdə uğurlar arzulayırıq.

  Birinci məsələ - Milli internet ünvanlarının qeydiyyatının tənzimlənməsi ilə əlaqədar bildiririk ki, məsul icra hakimiyyəti orqanı olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Əsasnaməsinin 10.50-ci bəndi (Azərbaycan Respublikasının daxili şəbəkəsinin və beynəlxalq şəbəkənin Azərbaycan seqmentinin poçt, rabitə və informasiya şəbəkələri üçün nömrələnmə planını, nömrələnmə ehtiyatlarından istifadə olunma, paylanma qaydalarını müəyyən edir, ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı qaydalarını əlaqəli qurumları cəlb etməklə müəyyən edir və onunla bağlı məsələnin tənzimlənməsini öz səlahiyyətləri daxilində həyata keçirir.) və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci (Ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur.) və 7.10-cu (Ölkə kodlu domen adlarının qeydiyyatı, istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir.) bəndləri əsas götürülərək, ölkə kodlu domen adlarının qeydiyyatının, istifadəsi qaydalarının şəffaf və beynəlxalq normalara uyğun olaraq tənzimlənməsi üçün əlaqəli qurumlarla birlikdə “Azərbaycan Respublikasında ölkə kodlu domen adlarının qeydiyyatı və istifadəsi Qaydası”nın layihəsi hazırlanmışdır. Layihə sənədinin hazırlanmasında əlaqəli qurumlar olaraq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Təhsil Nazirliyi, Azərbaycan İnternet Cəmiyyəti, “İntrans” MMC, “Delta Telekom LTD” MMM və “İnformasiya Problemlərinin Araşdırılması Mərkəzi” İctimai Birliyi, hüquqşünaslar, mütəxəssislər və s. iştirak etmişlər.

  Layihə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “İnternetin İnkişafı üzrə Koordinasiya Şurası”nda iki dəfə müzakirə edilmiş (bu müzakirələrə Siz də dəvət olunmuşdunuz), geniş ictimaiyyətin rəy və təkliflərinin öyrənilməsi məqsədilə nazirliyin portalında yerləşdirilmiş, həmçinin münasibət bildirilməsi üçün məktubla digər əlaqəli qurumlara, o cümlədən rəhbəri olduğunuz qurumların timsalında Sizə göndərilmişdir. Daxil olmuş rəy və təkliflər nazirlikdə yenidən əlaqəli qurumların iştirakı ilə müzakirə olunacaq, ümumi qərar qəbul edildikdən və layihə sənədinin son variantı qanunvericilikdə nəzərdə tutulmuş mövcud prosedur əsasında nazirlik tərəfindən təsdiq olunduqdan sonra Ədliyyə Nazirliyində qeydə alınacaqdır. Bundan sonra ICANN tərəfindən ölkə kodlu domen adlarının qeydiyyatının aparılması üçün qeydə alınmış milli inzibatçı və onun tərəfindən akkreditasiya olunmuş qeydiyyatçılar təsdiq edilmiş qayda əsasında ölkə kodlu domen adlarının qeydiyyatını həyata keçirəcəkdir. Bununla da, ölkə kodlu domen adlarının qeydiyyatı, istifadəsi qaydalarının şəffaf tənzimlənməsinin həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradılmış olacaqdır.

  İkinci məsələ - Koordinasiya Şurasının Əsasnaməsi. Azərbaycanda İnternetin inkişaf perspektivləri və mövcud problemlərin bu sahədə fəaliyyət göstərən biznes, ictimai və qeyri-hökumət təşkilatları ilə birgə müzakirəsinin aparılması, rəy, təklif və tövsiyələrin bildirilməsi, sahə üzrə xidmətlərin keyfiyyətinin artırılması üçün birgə aparılmış təhlillərin nəticəsi olaraq təkliflər paketinin hazırlanması məqsədilə, RİTN-in kollegiya qərarı ilə əlaqəli qurumların da təmsil olunduğu “İnternetin İnkişafı üzrə Koordinasiya Şurası” yaradılmışdır. Koordinasiya Şurasında təmsil olunmaq üçün əlaqəli qurum olaraq Azərbaycan İnternet Forumunun prezidenti kimi Sizə də təklif göndərilmiş, lakin Şuranın Əsasnaməsinin 3.1.11-ci yarımbəndinə olan iradınızla əlaqədar üzvlükdən imtina etmişsiniz. Bu yarımbəndin ilkin redaksiyasının düzgün anlaşılmasında yaranmış vəziyyəti aradan qaldırmaq üçün həmin yarımbənd Koordinasiya Şurasının 13.06.08 tarixli iclasında bir daha müzakirə olunmuş və 26.09.08 tarixli iclasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təklif etdiyi yeni redaksiyada (“3.1.11. Qlobal İnternet şəbəkəsində mövcud olan informasiya resurslarında yerləşdirilmiş və Azərbaycan Respublikasının dövləti, tarixi, coğrafi, mənəvi və milli dəyərlərinə, konstitusiyasına, qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq sənədlərə zidd olan kontentlərin müzakirəsini aparmaq.”) yazılması təklif olunmuşdur. Nazirliyin 13.10.2008-ci il tarixli 10 saylı kollegiya qərarı ilə Əsasnamədə uyğun dəyişiklik edilmişdir.

  Üçüncü məsələ - RİTN-dən informasiya əldə etmək haqda iradınızla bağlı bildirmək istərdik ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun nazirliyin informasiya portalı vasitəsilə istifadəçilərə operativ olaraq üç dildə məlumat verilir. Bundan əlavə, portalın istifadəçilər üçün nəzərdə tutulmuş “Sual-Cavab” bölməsində vətəndaşların ünvanladığı suallar 3 iş günü müddətində əlaqədar idarə və müəssisələr tərəfindən rəsmi olaraq cavablandırılır. Həmçinin, nazirliyin mətbuat xidmətində fəaliyyət göstərən “Qaynar xətt”in (+99412)   598 08 98 nömrəli telefonu vasitəsilə vətəndaşları maraqlandıran suallara operativ cavab verilir. RİTN-ə daxil olan yazılı sorğular da qanunvericiliyə uyğun olaraq, 7 iş günü müddətində rəsmi qaydada cavablandırılır.

  Dördüncü məsələ - İnternet bazarında monitorinqin aparılması. İKT sektorunun bir çox istiqamətləri kimi, İnternetin inkişafı və infrastrukturunun genişləndirilməsi də RİTN-in diqqət mərkəzində olan sahələrdən biridir. Məlumat üçün bildiririk ki, İnternetin inkişafı istiqamətində dövlətin apardığı islahatlar nəticəsində Azərbaycan 2002-ci ildə “İnternetin düşmənləri” siyahısından çıxarılmışdır. Artıq 2002-ci ildən İnternet xidmətləri üçün lisenziya tələb olunmur ki, bu da öz növbəsində sahədə kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar açmışdır. Bunun nəticəsində qısa müddət ərzində bu sahənin göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Belə ki, respublikanın İnternet provayderlərinin qlobal İnternet şəbəkəsinə giriş-çıxış həcmi təqribən 40 dəfə artaraq 6 Gb/s.-ni ötmüş və nəticədə respublikamızdan beynəlxalq İnternet şəbəkəsinə informasiya ixracının həcmi 25 dəfə, idxalının həcmi isə 17 dəfə artmışdır. İnternetdən istifadə qiymətləri 7 dəfə aşağı düşmüş, İnternet istifadəçilərinin sayı təqribən 3-4 dəfə artaraq, hər 100 nəfərə 18 nəfər olmaqla 1,5 milyona çatmışdır. Respublikada fəaliyyət göstərən İnternet provayderlərinin sayı təqribən 3 dəfə artaraq 30-u кеçmiş, Bakı şəhərində və regionlarda İnternet klublarının sayı 1000-i ötmüşdür. Demək olar ki, bütün rayon mərkəzlərində fiber-optik xətt vasitəsilə genişzolaqlı xidmətlər, o cümlədən sürətli İnternet xidməti üçün geniş imkanlar yaradılmışdır.

  MDB məkanında ilk olaraq respublika ərazisinin telefonlaşdırılması tam başa çatdırılmış və dial-up üsulu ilə vahid 3 nömrəli giriş vasitəsilə coğrafi yerindən asılı olmayaraq informasiyaya çıxış imkanı yaradılmışdır. Bu gün Azərbaycan hər İnternet istifadəçisinə düşən orta xarici çıxış tutumuna (5 Kb/s.) görə Yaponiya (3 Kb/s.), Коreya Respublikası            (3 Kb/s.), Türkiyə (7 Kb/s.), Sinqapur (8 Kb/s.) kimi ölkələrlə bir sırada gedir.  AZ domeni zonasındakı saytların sayı təqribən 3 dəfə artaraq 7000-dən çox оlmuşdur. Bütün bunlara baxmayaraq, bu sahədə görülməli işlər çoxdur. Nazirlik bu istiqamətdə axtarışlarını davam etdirir və ölkəmizdə İnternetin inkişafına dair hər bir konstruktiv təklifi müzakirə etməyə hazırdır.

  İnternet bazarında yaranmış vəziyyətlə əlaqədar bildiririk ki, ölkəmizdə bu sahənin inkişaf dinamikası sektorda gedən proseslərə uyğun olaraq, müsbət istiqamətdə artmaqdadır. Milli internet kontentinin illik artım tempi 50%-dən yüksəkdir. Bunun göstəricisi kimi, 2002-ci ildə beynəlxalq trafik üzrə ölkəmizə gələn və ölkəmizdən oxunan kontentin nisbəti 1000:1 idisə, 2008-ci ildə bu nisbət 15:1 səviyyəsinədək qalxmışdır. Son 2 il ərzində genişzolaqlı İnternet istifadəçilərinin sayı 11 dəfə artmışdır. Lakin bu göstəricilər bir çox ölkələrlə müqayisədə qənaətbəxş hesab olunmur və onların yüksəldilməsi üçün yeni texnologiyaların tətbiqi ilə bu istiqamətdə dinamik iş aparılır.
Cənab Nazirlə görüşünüz zamanı toxunduğunuz digər məsələlərlə yanaşı, İnternet bazarında yaranmış vəziyyətlə bağlı etdiyiniz təkliflər də diqqətə alınmış və 22 aprel 2008-ci il tarixli 79 saylı əmrlə mövcud durumun araşdırılması, qiymətlərin formalaşmasında əsas parametrlərin müəyyənləşdirilməsi və RİTN-in idarə və müəssisələrinin tabeçiliyində olan müvafiq strukturların İnternet xidmətləri üzrə tariflərinin uyğunlaşdırılması və azad bazar münasibətlərinə xələl gətirmədən qiymətlərə yenidən baxılaraq müvafiq təkliflər paketinin hazırlanması məqsədilə nazirliyin aidiyyəti şöbələrinin, idarə və müəssisələrinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən qısa müddət ərzində hazırlanmış təkliflər paketi “İnternetin İnkişafı üzrə Koordinasiya Şurasında” əlaqəli qurumların və ölkədə fəaliyyət göstərən aparıcı İnternet provayderlərinin iştirakı ilə bir neçə dəfə müzakirə edildikdən sonra, RİTN-in idarə və müəssisələrinin tabeçiliyində olan müvafiq strukturların İnternet xidmətləri vahid tarif əsasında uyğunlaşdırılmış və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına məktub göndərilmişdir. Bunun nəticəsində 2008-ci ilin yanvar ayı ilə müqayisədə qiymətlər demək olar ki, bütün provayderlər tərəfindən orta hesabla 50% endirilmişdir.

  Tarif (qiymət) Şurasının 30 dekabr 2008-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən, 2 Mbit/s. şəhərdaxili rəqəmsal kanalların (portların) istifadəyə verilməsi tarifləri digər abonentlər (büdcə təşkilatları istisna olmaqla) üçün 1200 manatdan 600 manata (50%), onlardan aylıq istifadə tarifləri isə 320 manatdan 300 manata (6,3%), rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə (Bakı şəhəri istisna olmaqla) tarifləri 240 manatdan 200 manata, hər tam və natamam 50 km məsafəyə görə 2 Mbit/s. tutumundan istifadə tarifləri isə 180 manatdan 150 manata (16,7%) endirilmişdir. Bu qərar İnternet provayderlərinin xidmətlərinin maya dəyərinin azalmasına, nəticə etibarilə son istifadəçilər üçün İnternet xidməti tariflərinin bir daha aşağı salınmasına imkan yaradacaqdır. Nazirliyin təşəbbüsü ilə aidiyyəti idarə və müəssisələrdə ADSL istifadəçisinin birdəfəlik qoşulma haqqı 10 manatdan 5 manata, aylıq istifadə haqqı isə 4 manatdan 2 manata endirilmiş, İnternetə qoşulma ilə bağlı provayderlər tərəfindən daxil olan müraciətlərə baxılma müddəti isə 2 iş günü müəyyən edilmişdir. ATS-lərdə İnternet servis provayderləri tərəfindən quraşdırılmış avadanlıqlara xidmət üçün yüngülləşdirilmiş xüsusi reqlament müəyyən olunmuşdur.

  Bütün bunlara baxmayaraq, ölkəmizdə İnternetin qiyməti inkişaf etmiş ölkələrlə müqayisədə qənaətbəxş hesab olunmur. Bunun isə obyektiv səbəbləri vardır. Birinci, ölkəmizdə İnternet istifadəçilərinin sayı yalnız son illər sürətlə artmağa başlamışdır ki, bu da öz növbəsində İnternet bazarında qiymətlərin formalaşmasına öz müsbət təsirini göstərmişdir. İkinci,  İnternet qiymətlərinin tərkib komponentləri arasında xüsusi çəkisi olan beynəlxalq İnternet kanallarına çıxış tarifləri tutur ki, Azərbaycanın da, bir sıra materik daxilində yerləşən ölkələr kimi, əsasən dənizlər boyunca yerləşmiş beynəlxalq magistral kabellərə bilavasitə çıxışı yoxdur. Azərbaycan magistral kanallara Rusiya üzərindən və Rusiyaya məxsus optik kabellərlə çıxa bilir.

  Kabellərin icarəsi baha olduğu üçün ölkəmizə daxil olan beynəlxalq İnternet trafikinin qiyməti digər və coğrafi cəhətdən daha əlverişli mövqedə yerləşmiş ölkələrlə, məsələn, Rusiya və Türkiyə ilə müqayisədə obyektiv olaraq daha bahalı olur. Bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə əsas İnternet kanallarının yerləşdiyi Qərbi Avropanı və Sakit okean hövzəsini birləşdirən yüksəksürətli Avrasiya informasiya magistralının yaradılması nəzərdə tutulur. Magistral Şərqi Avropa ölkələri, MDB, Türkiyə, İran, Mərkəzi Asiya ölkələrini, o cümlədən Əfqanıstan, Pakistan, Çin və Hindistanı əhatə edərək, bu böyük regionda transmilli informasiya magistralı yaratmaqla bölgənin, eləcə də ayrı-ayrılıqda hər bir ölkənin sosial-iqtisadi inkişafına, beynəlxalq informasiya mübadiləsinə və İnternet bazarının inkişafına təkan verəcəkdir.

   Üçüncü, Azərbaycanı müqayisə etdiyiniz Rusiya və Türkiyə kimi telekommunikasiya və peyk infrastrukturuna malik ölkələrdə İnternet xidmətlərinin çeşidi, keyfiyyəti və istifadəçilərin sayı inkişaf etmiş ölkələrdəki kimi yüksəkdir. Etiraf olunmalıdır ki, ölkəmizdə İKT üzrə göstəricilər arasında aşağı qiymətləndirilən göstərici – hər 100 nəfərə düşən kompüterlərin sayı da son nəticədə İnternet istifadəçilərinin sayına və qiymətin formalaşmasına təsir edir. Bu problemin aradan qaldırılması üçün və əhalinin İKT-nin imkanlarından istifadəsini genişləndirmək məqsədilə Microsoft və İntel şirkətləri ilə birgə Xalq kompüteri layihəsinin həyata keçirilməsi planlaşdırılır. Layihə güzəştli kredit şərtləri ilə müasir standartlara uyğun kompüter əldə edilməsinə imkan yaradacaqdır və bu kompüterlərin sahibləri layihə çərçivəsində həm də ödənişsiz kompüter kursları keçəcəklər. Dördüncü, ölkəyə İnternetin gətirilməsi hələlik bir şirkət tərəfindən həyata keçirilir ki, bu da İnternet qiymətlərinin enmə dövrünün uzun olmasına səbəb olur. Hal-hazırda bir neçə şirkət beynəlxalq kanalların təşkili üzrə İnternet bazarına daxil olmaq istiqamətində işlər aparır. Beşinci, mövcud İnternet xidmətlərinin, xüsusən də güzəştli xidmətlərin və gecə paketlərinin təbliği ilə bağlı İnternet servis provayderləri tərəfindən aparılan maarifləndirmə işlərinin səviyyəsi aşağıdır.

  Bazar tələblərinin öyrənilməsi üçün İnternet servis provayderlərinin heç də hamısı tərəfindən lazımi səviyyədə marketinq işləri aparılmır. Bu məsələ də bazar iqtisadiyyatına keçid dövrünün tələblərinə uyğun olaraq, ölkəmizdə bazar münasibətlərinin inkişafı çərçivəsində həll olunmaqdadır.
  Beşinci məsələ - vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişaf etdirilməsi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT sahəsində dövlət siyasətini həyata keçirən bir qurum olaraq, cəmiyyətin bütün üzvləri, o cümlədən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. Son illər respublikamızda informasiya cəmiyyətinin formalaşması və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişafı istiqamətində nazirliyin beynəlxalq, ictimai və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı daha intensiv və məhsuldar olmuşdur. Belə ki, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici İKT şirkətlərinin həmtəsisçiliyi ilə “İnformasiya- kommunikasiya texnologiyalarının inkişafı naminə insan resursları Fondu”, biznes, ictimai və qeyri-hökumət təşkilatlarının da təmsil olunduğu “İnternetin İnkişafı üzrə Koordinasiya Şurası” yaradılmış, respublikamızın müxtəlif bölgələrində (Qubada, Lənkəranda, Naxçıvanda, Mingəçevirdə, Şəkidə, Sumqayıtda) və ali məktəblərində (ADİU-da, BDU-da, ATU-da və s.) uyğun olaraq informatika fənnini tədris edən müəllimlər, dövlət qurumlarında çalışan İKT mütəxəssisləri və tələbələr üçün mütəmadi olaraq İT ekspertlərinin (dövlət, biznes və qeyri-hökumət təşkilatlarının mütəxəssisləri) iştirakı ilə seminarlar təşkil edilmiş, “KÜR” elektron avadanlıqları zavoduna ekskursiyalar təşkil olunmuş, İKT sahəsində milli kadrların hazırlanması məqsədilə 2007-2008-ci illərdə Goranboy və Tərtər rayonlarının orta ümumtəhsil məktəblərinin informatika müəllimləri üçün xüsusi proqram əsasında “İnformatika” üzrə tədris kursları təşkil olunaraq “Ən yaxşı informatika müəllimi” müsabiqəsi keçirilmiş, qaliblər noutbuk və fərdi kompüterlərlə mükafatlandırılmış, bütün iştirakçılar İKT üzrə kitablar və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sertifikatlarını almışlar.

  2009-cu ildə isə bu cür kursların Qax rayonunda təşkilinə başlanmışdır. Həmçinin, Elm, Texnologiya və Sahibkarlıq proqramı üzrə “Azərbaycanda innovasiya sahibkarlığının dəstəklənməsi” mövzusunda elmi-praktiki konfrans, İqtisadi İnkişaf Nazirliyi, AMEA, Azərbaycan Milli Elm Fondu (AMEF)  və   ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu ilə birlikdə 2008-2009-cu illərdə STEP Biznes Tərəfdaşlıq layihəsi üzrə kiçik qrantlar müsabiqəsi, Azərbaycan Futuroloqlar Cəmiyyəti və Təhsil Nazirliyi ilə birlikdə “Gələcək nəsillərlə üz-üzə” mövzusunda ümumrespublika inşa müsabiqəsi, Koreya Respublikasının KADO agentliyi ilə birlikdə dövlət orqanlarının nümayəndələri üçün İT kursları, Heydər Əliyev Fondu, Təhsil Nairliyi və AMEA-nın dəstəyi ilə ali məktəb komandaları arasında informatika üzrə iki mərhələli Olimpiada, 6 saylı cəzaçəkmə müəssisəsində kompüter sinfi təşkil olunmuş və təlim kursları keçirilmişdir. Hər il 17 May - İnformasiya Cəmiyyəti Günü İKT cəmiyyətinin iştirakı ilə geniş qeyd olunur. Goranboy və Bərdə rayonlarında məcburi köçkünlərin məskunlaşdığı ərazidə İnternet klubları təşkil olunmuşdur. 25 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif tanınmış universitetlərində müasir İKT ixtisasları üzrə təhsil almağa göndərilmiş, 30-dan çox gənc öz ixtisasları üzrə xarici ölkələrdə İKT sahəsində qısamüddətli hazırlıq kursları keçmişdir.

  Gürcüstanda yaşayan və bu ölkənin ali təhsil müəssisələrində təhsil alan 50-yə yaxın azərbaycanlı gəncə nazirlik tərəfindən xüsusi təqaüd verilir. Bakı və Sumqayıt məktəbliləri arasında keçirilmiş İnformatika üzrə Olimpiadaların qalibləri mükafatlandırılmış, informasiya cəmiyyətinin təbliği ilə əlaqədar İctimai TV-də ali məktəb komandaları arasında həftəlik “Virtual rinq” televiktorinası təşkil olunmuşdur. BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən təşkil olunmuş Biliklərə Əsaslanan İnkişaf üzrə Layihə İşçi Qrupunun 1-ci iclası və İKT üzrə seminar keçirilmiş, “Multimedia” Mərkəzi, “HP” və “Ultra” şirkətləri ilə birlikdə “İnformasiya Cəmiyyətinin jurnalisti” layihəsi  reallaşdırılmış, Dünya Bankı ilə birlikdə keçirilmiş “İnformasiya Cəmiyyətinin inkişafı naminə kiçik qrantlar layihəsi” üzrə 49 layihə arasından yeddisi seçilərək, həyata keçirilməsi təmin olunmuşdur. Ötən il 14-cü dəfə və son 3 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və himayəsi ilə keçirilən “Bakutel” beynəlxalq sərgi və konfransı iştirakçılarının sayına və tərkibinin genişliyinə görə regionun İKT üzrə ən nüfuzlu tədbirlərindən birinə çevrilmişdir. Bütün bunlar ictimai, biznes və qeyri-hökumət təşkilatları ilə RİTN arasında münasibətlərin və işbirliyinin əyani nümunələridir və əməkdaşlıq ildən-ilə genişlənir.

  Altıncı məsələ - Elektron Təhlükəsizlik İdarəsi (CERT). Kompüter təhlükələrinə təcili tədbir heyəti olaraq, milli İnternet məkanının və mövcud informasiya sistemlərinin təhlükəsizliyinin mühafizəsi və bu məqsədlə əhalinin, dövlət və digər qurumların məlumatlandırılmasının təmin edilməsi, elektron təhlükəsizlik üzrə operator-provayderlərin və digər milli informasiya sistemləri və şəbəkələri subyektlərinin fəaliyyətinin koordinasiya edilməsi, informasiya sistemləri və resurslarına olan təhlükələrin vaxtında aşkar olunması və qarşısının alınması üçün dövlət və digər qurumlara metodiki və texniki dəstəyin göstərilməsi, həmçinin bu istiqamətdə onların mütəmadi olaraq məlumatlandırılması məqsədi ilə və mövcud beynəlxalq təcrübəyə əsaslanaraq CERT-in yaradılması planlaşdırılır və birmənalı olaraq qeyd edirik ki, bu addım Azərbaycan vətəndaşlarının qanunla qorunan heç bir informasiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlməmişdir.

  Belə ki, bir çox ölkələrdə mövcud olan bu cür milli CERT-lər əsasən dövlət qurumlarının tabeçiliyində yaradılaraq, ölkədə mövcud olan digər sahəvi CERT-lərin lokal və beynəlxalq fəaliyyətlərini koordinasiya edir.

  Yeddinci məsələ - Süni peykin orbitə çıxarılmasının qiymətləndirilməsi. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, müvafiq orbital mövqenin alınması, peykin hazırlanması və  orbital mövqeyə çıxarılması ilə bağlı intensiv danışıqlar aparılır, müxtəlif variantlar müzakirə olunur, müvafiq texniki-iqtisadi əsaslandırmalar hazırlanır. Yalnız bu proses başa çatdıqdan sonra, qəbul ediləcək yekun qərara görə layihənin qiyməti, ümumiyyətlə, parametrləri barədə konkret fikir bildirmək olar. Hələlik isə hazırlıq işləri aparılır və müvafiq Dövlət Proqramı hazırlanır.

  Əminik ki, ölkəmizdə İKT-nin inkişafı üçün indiki dövrdə dövlət, biznes və vətəndaş cəmiyyəti arasında yaranmış tolerant və inkişafa istiqamətlənmiş mühiti düzgün qiymətləndirəcək, Azərbaycan İnternet Forumu və “Multimedia” Mərkəzi ilə RİTN arasında mövcud konstruktiv əməkdaşlığın daha da inkişaf etməsinə çalışacaqsınız.


Hörmətlə,

İnformasiya cəmiyyətinin
inkişafı şöbəsinin müdiri      R.Gülməmmədov

 

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar