Fontu böyüt:
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və onun idarə və müəssisələrində Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzv qəbul olunanlara üzvlük vəsiqələrinin təqdim olunma mərasimləri keçirilib.
RİTN-nin Mərkəzi Aparatında keçirilən təqdimetmə mərasimdə çıxış edən YAP RİTN ilk ərazi təşkilatının sədri İlham Mərdanov toplantının keçirilməsinin məqsədi haqqında ümumi məlumat verərək, belə mərasimin 12 noyabr Konstitusiya gününə təsadüf etməsini əlamətdar hadisə adlandırılıb. O, YAP-ın ideologiyasının həyata keçirilməsi istiqamətində nazirlik, onun birlik və müəssisələrində aparılan işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
Sonra RİTN Aparatının rəhbəri Vidadi Zeynalov partiyanın yaranmasından, onun 17 illik fəaliyyətindən söhbət açıb, partiya üzvlərini həmişə fəal olmağa, Vətəni sevməyə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarına sadiq qalmağa, partiyanın sədri, ölkə Prezidenti İlham Əliyev ətrafında daha sıx birləşərək bu ideyaları daim yaşatmağa çağırıb. Yeni Azərbaycan Partiyasının sıralarının günü gündən genişləndiyini, bu istiqamətdə gənclərin fəallığını xüsusi qeyd edən V.Zeynalov onların çalışdıqları istiqamətlərin, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsinin daha da inkişaf etdirilməsində göstərdikləri fəallığı xüsusi qeyd edib.
Bundan əlavə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsində(HMİ) və Məlumat Hesablama Mərkəzində(MHM) partiya üzvlüyünə qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Partiyaya yeni qəbul olunan üzvlərin bəziləri çıxış edərək dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü kimi üzərlərinə düşən məsuliyyəti dərindən dərk etdiklərini, partiyanın ideologiyasının yayılması istiqamətində daha fəal olacaqlarını, onlara göstərilən yüksək etimadı öz işləri, öz bacarıqları ilə göstərəcəklərini əminliklə bildiriblər.
Qeyd edək ki, bu dəfə partiyaya 40 nəfər yeni üzv qəbul olunub.