Fontu böyüt:
APA.AZ Neftçala rayonunda Telekommunikasiya qovşağının nəzdində fəaliyyət göstərən Abunə şöbəsinin binasında yeni quraşdırılmış elektron ATS istifadəyə verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala rayon Telekommunikasiya Qovşağının müdiri Zülfəli Muradov məlumat verib. Onun sözlərinə görə, yeni quraşdırılmış 4008 nömrəlik elektron ATS Türkiyənin “Karel” şirkətinin istehsalıdır.
Eyni zamanda rayonun 14 kəndində elektron ATS quraşdırılıb və daha 5 kəndində də quraşdırılması nəzərdə tutulur.
Açılış mərasimində Neftçala rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov və “Aztelekom” İstehsalat Birliyinin direktor müavini Tahir Məmmədov iştirak edib.