Fontu böyüt:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.
İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail
olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də
dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Son illərdə ölkəmizdə
bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilir. “BakuTel” sərgisi də Xəzər
və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya
texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 20-ci dəfədir baş tutan
“BakuTel” sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm
hadisəyə çevrilib. Bu sərginin beynəlxalq nüfuzu Birləşmiş Millətlər Təşkilatı,
Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyinin nümayəndələrinin
mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət
nişanı ilə təsdiq olunub.
Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev ölkədə
bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. 2013-cü ilin Azərbaycanda
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bunun əyani təsdiqidir.
Təsadüfi deyil ki, həmin ildə ölkəmiz üçün tarixi hadisə baş verdi -“Azərspace-1”
ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan
kosmik ölkələr sırasına qoşuldu. Bundan əlavə, ölkəmizin təşəbbüskarı olduğu
“Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT Baş Assambleyasının
qətnamələri ilə dəstəklənib və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi də
dövlətin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir.
Artıq ölkədə İnformasiya texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək
Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Yeni
yaradılan İnformasiya Texnologiyaları Universiteti də bu sahənin inkişafına
olan diqqətin əyani göstəricisidir. Bu mənada informasiya-kommunikasiya
texnologiyaları üzrə qazanılan nailiyyətlərin və dünyada tətbiq olunan qabaqcıl
yeniliklərin nümayiş etdirildiyi “BakuTel” sərgi-konfransı artıq geniş miqyasda
özünəməxsus nüfuza malikdir. Bu il sərgi və konfransın uğurlu fəaliyyətinin 20
illik yubileyinin qeyd edilməsi onun əhəmiyyətini daha da artırır. Ötən 20 il ərzində
dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkətin sərgiyə qatılması, xüsusilə də
Prezident İlham Əliyevin son illərdə bu sərgi ilə tanış olması tədbirin yüksək
statusunu bir daha təsdiqləyir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən
builki yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir.
Onların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə
operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin
distribüterləri var. Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə
və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, İT
və ofis texnologiyaları, yüksək texnologiyalar, habelə texnoloji yeniliklər və
bir sıra digər məhsullar da nümayiş etdirilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevə məlumat
verdi ki, artıq ikinci ildir sərgidə Azərbaycan milli pavilyonu yaradılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər,
habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat verən
Azərbaycan milli pavilyonu ziyarətçilərin böyük marağına səbəb olur.
Prezident İlham Əliyev Milli Nüvə Tədqiqatları Mərkəzinin maketi ilə tanış
oldu. Bildirildi ki, artıq Mərkəzin sterilizasiya məqsədli qamma şüalanma kompleksi
və kiçik aktivlikli qamma şüalanma mərkəzinin binaları hazırdır.
Azərbaycan bu il Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli
Konfransı çərçivəsində sahə üzrə bu mötəbər təşkilatın ali idarəedici qurumu
olan Şuraya üzv seçilib. Uzun illər Azərbaycan hökumətinin etibarlı tərəfdaşı
olan BMT-nin İKT sahəsi üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi
pavilyon da burada təşkil olunub. BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi
Antonius Broeki dedi ki, qurum İnkişaf Proqramı çərçivəsində 4 sahə üzrə Azərbaycan
hökuməti ilə əməkdaşlıq edir. Bunlar demokratik idarəçilik, davamlı inkişaf,
qadınlara səlahiyyətlər verilməsi və böhranların qarşısının alınmasıdır. BMT
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə mühüm layihələr həyata
keçirir.
Qeyd olundu ki, sərgidə Beynəlxalq Telekommunikasiya İttifaqı ilk dəfə olaraq
öz stendi ilə iştirak edir. Təşkilatın baş katibi Hamadun Ture dedi ki, İKT sahəsində
həyata keçirilən dinamik inkişafın və əldə olunan nailiyyətlərin nəticəsidir
ki, Azərbaycan qurumun ali idarəetmə orqanı olan Şuraya üzv seçilib. Qurumun
stendində gələn il təşkilatın 150 illiyi və bu illər ərzində baş vermiş
texnoloji inkişafı əks etdirən ekspozisiya təqdim edilir.
Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına fəal şəkildə hazırlaşır və bu
hadisə “BakuTel” sərgisində də geniş əks olunub. Baku Expo Mərkəzinin foyesində
yerləşən stend Avropa Oyunlara hazırlıq prosesini, onun texniki və texnoloji məsələlərini,
habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində bizim hər birimizi gözləyən
sürprizləri əks etdirir.
Bu il Böyük Britaniya, İran, İtaliya, Kanada, İsrail, Türkiyə, Estoniya və bir
sıra digər ölkələr sərgidə maraqlı və innovativ layihələri, habelə İKT sahəsi
üzrə məhsullarını və xidmətlərini təqdim edirlər.
Prezident İlham Əliyev sərginin digər pavilyonları ilə də tanış oldu.
Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” indi ölkəmizin aparıcı mobil
internet provayderlərindən biridir. Şirkət müasir mobil kommunikasiya xidmətləri
istifadəçilərinə geniş çeşiddə məhsullar təqdim edir. Sərgidə şirkətin Azərbaycanda
gənclərin, futbolun və regionların inkişafına göstərdiyi dəstəyə həsr olunan
xüsusi guşə də yaradılıb.
Dövlətimizin başçısı “Delta Telekom” MMC-nin fəaliyyətindən bəhs edən
pavilyonda da oldu. Bildirildi ki, regionun ən iri telekommunikasiya
operatorlarından olan “Delta Telekom” rabitə və telekommunikasiya xidmətlərinin
keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir.
“AzerFon” MMC 2007-ci ildən fəaliyyət göstərir. “Narmobile” hazırda Azərbaycanın
telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu
daha da genişləndirir. Şirkət Azərbaycanda İKT sahəsinin inkişafına töhfəsini
verən və ölkədə mütərəqqi mobil texnologiyaları tətbiq edən ticarət nişanı kimi
tanınıb. “Narmobile” həm də “Bakı 2015” ilk Avropa Oyunlarının rəsmi mobil
rabitə təminatçısıdır.
2010-cu ildə “AzQtel” MMC şirkətinin yaratdığı “SAZZ” əmtəə nişanı da Azərbaycanda
4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti
göstərən ən böyük operatordur. İlkin olaraq Bakı və Xırdalan şəhərlərini əhatə
dairəsinə daxil edən şirkət qısa vaxtda Abşeron yarımadasının və respublikanın
digər 15 şəhərinin internet istifadəçiləri də simsiz və limitsiz internetin
verdiyi imkanlardan faydalanmağa başlayıblar. Son bir neçə ayda “Sazz 4G
İnternet” şirkəti Bakı şəhərinin daxilində də mövcud əhatə dairəsinin gücünü əhəmiyyətli
dərəcədə artırıb.
2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”in uğurla orbitə
çıxarılması ilə “Azərkosmos” ASC öz müştərilərinə peyk rabitəsi əsasında yayım
və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə
platformaları təqdim etməyə başlayıb. Sonra Prezident İlham Əliyevin iştirakı
ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus
Defence and Space” şirkəti arasında müqavilə imzalandı. Bu müqavilə ilə Azərbaycan
ilə Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin
iyununda orbitə çıxarılan və yeni adı “Azersky” olacaq “Spot 7” yüksək ayırdetməli
Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verildi. Dövlətimizin
başçısı peykdən ilk rəmzi görüntünü əldə etməklə “Azersky” peykinin kommersiya
fəaliyyətinə start verdi. Müqaviləyə əsasən “Azərkosmos”a məxsus “Azersky” və
“Airbus Defence” and Space” şirkətinə məxsus “SPOT 6” yüksək ayırdetməli Yer səthinin
məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün
peyk toplusu formasında birgə istifadə olunacaq. Həmçinin, Azərbaycanda
quraşdırılacaq yerüstü stansiya “Azərkosmos” ASC-yə kommersiya hüquqları
“Airbus Defence” and “Space” şirkətinə məxsus çox yüksək ayırdetməli Pléiades
1A və 1B peyklərindən istifadə imkanı yaradacaq. Bu peyk toplusu Yer səthinin məsafədən
müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni
peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı
verir. “Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon kilometr ərazinin
şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün
“Azersky” və “SPOT 6” peyklərinin yüksək
ayırdetməsində müşahidə oluna bilər. Bütün bunlar Azərbaycanın mövqelərini peyk
xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək.
Sonra dövlətimizin başçısı İsrailin sərgidə təmsil olunan şirkətlərinin stendlərinə
baxdı. “PİNEAPP LTD” şirkəti təhlükəsizlik üzrə qabaqcıl həll variantlarının təchizatçısı
kimi bazara e-poçtun təhlükəsizlik sistemlərini təklif edir. Ümumilikdə, İsrail
budəfəki sərgidə 14 şirkətlə təmsil olunur.
Prezident İlham Əliyev Böyük Britaniyanın pavilyonunda oldu. Sərgiyə 7 şirkətlə
qatılan Böyük Britaniya İKT sahəsində ən son texnologiyaları təqdim edir.
İran sərgidə “KAVOSHCOM ASİA” şirkəti ilə təmsil olunur. Şirkət
telekommunikasiya, elektrik, antenna qüllələri və digər metal avadanlıqların
istehsalı ilə məşğuldur.
Sərgidə Rusiya Federasiyasının telekommunikasiya avadanlığı və məhsullarının
istehsalı, proqram təminatı, rabitə və texnologiyalarının digər sahələri ilə məşğul
olan 10-a yaxın şirkəti iştirak edir. Rusiyanın “İnsol” şirkətinin sistem
inteqrasiyası və proqram inkişafı sahəsində nailiyyətlərini əks etdirən
ekspozisiyası maraq doğurdu. Şirkət ən böyükləri Rusiya, Ukrayna və Azərbaycanda
olmaqla, MDB-yə üzv olan 8 ölkədə ofis və nümayəndəliklərə malikdir.
Sərgidə Yüksək Texnologiyalar Parkı haqqında da geniş məlumat verilir. Dövlətimizin
başçısının Sərəncamı ilə yaradılan parkın əsas funksiyası İKT, digər yeni və
yüksək texnologiyalar üzrə fəaliyyətin genişləndirilməsi, burada çalışan fiziki
və hüquqi şəxslər üçün əlverişli şəraitin yaradılması və digər xidmətlərin
inkişaf etdirilməsidir.
Qeyd olundu ki, bu il sərgidə yeni iştirakçılar böyük fəallıq göstərirlər. Sərginin
debütantları əsas etibarilə Azərbaycanın iqtisadi göstəricilərindəki yüksəlişlə
əlaqədar olaraq yerli bazara marağı xeyli artan xarici iştirakçılardır.
Debütantların arasında bu il rekord sayda təmsil olunan “startap”lar var. Bütün
“startap”lar Bakı Ekspo Mərkəzinin ikinci zalında - Yüksək Texnologiyalar
Parkının stendində yerləşir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “startaplar”a
fəal dəstək göstərir. Bu cür dəstək “BakuTel” sərgisinin də ənənələrindən
biridir. Regionun İKT sektoru üzrə ən böyük tədbirində sənaye liderləri və dövlət
strukturları ilə birgə iştirak etmək, eləcə də dövlət və özəl investisiyaları cəlb
etmək məqsədilə fərdi layihələri təqdim etmək üçün nadir imkan yaradılır. Bu il
ölkənin 30-dan artıq gənc layihəçisi bu imkandan istifadə edib və onlar sərgi çərçivəsində
öz innovativ proqram və xidmətləri barədə məlumat verirlər.
Prezident İlham Əliyev sərginin əsas tərəfdaşlarından olan “İNTEL” şirkətinin
stendi ilə də yaxından tanış oldu. Şirkət kompyuter innovasiyaları sahəsində
dünya üzrə aparıcı mövqe tutur və bütün dünyada kompyuter cihazları üçün baza
funksiyasını yerinə yetirən zəruri texnologiyaların layihələndirilməsi və
istehsalı ilə məşğuldur. Artıq şirkətin təqdim etdiyi virtual siniflər Bakının
bir neçə təhsil ocağında tətbiq olunur.
Estoniyanın informasiya-kommunikasiya texnologiyaları şirkətləri “BakuTel-2014”
sərgisində milli pavilyonu ilə təmsil olunur. Pavilyonda 18 şirkət müxtəlif
innovativ İKT məhsullarını nümayiş etdirir. Sərginin ziyarətçiləri Azərbaycanın
mobil elektron imza xidməti olan “Asan imza” ilə Estoniyada tətbiq olunan
analoji “Mobil ID” xidmətinin müqayisəli statistik təhlili ilə tanış olmaq
imkanı əldə edirlər.
Dövlətimizin başçısı Türkiyənin stendinə də baxdı. Qeyd edildi ki, qardaş ölkə
bu sərginin fəal iştirakçılarından biridir. Budəfəki sərgidə Türkiyənin İKT sahəsində
inkişaf etmiş 16 şirkəti təmsil olunub.
“Azercell” 1996-cı ildə təsis edilib və hazırda bazarda lider mövqeyini
saxlayır. Şirkət Azərbaycana bir sıra innovativ texnologiyalar və konsepsiyalar
gətirib. Ziyarətçilər sərgidə “Azercell”-in bir neçə istiqamətdə yeniliklərindən
faydalana biləcəklər. Bu innovativ texnoloji həllərə “Mobil sağlamlıq”,
“Valideyn nəzarət sistemi”, Barama İnnovasiya Mərkəzinin təqdim etdiyi təhlükəsizlik
sistemi və “Google Glass” eynəyinin 2-ci versiyası daxildir.
Sərgidə ən yeni texnologiyalarla təmsil olunan “Huawei” dünya üzrə aparıcı İKT
həlləri təmsil edən şirkətdir. Şirkətin məhsulları 100-ə yaxın ölkədə istifadə
olunur. “Huawei” dünyanın ən yaxşı 50 telekommunikasiya operatorlarından 45-nə
xidmət göstərir.
“CASPEL” şirkəti Azərbaycan ərazisində informasiya texnologiyaları və
telekommunikasiya sahəsində kompleks həll variantlarını təqdim edən ən iri
inteqrator şirkətlərdən biridir. Şirkət Azərbaycanın bütün ərazisini əhatə edən
özünün fiber-optik şəbəkəsinə malikdir.
Prezident İlham Əliyev “SİNAM” MMC-nin stendinə də baxdı. Əsası 1994-cü ildə
qoyulan SİNAM regionda genişmiqyaslı İT xidmətləri və məhsulları təklif edən
aparıcı şirkətdir. Elektron hökumət həllərinin provayderi və sistem inteqratoru
kimi tanınan SİNAM aparat və proqram təminatı komplekslərindən tutmuş
konsaltinq, dəstəkləmə və zəmanət xidmətləri də daxil olmaqla bütöv bir zənciri
özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir.
Builki sərgi və konfransın proqramı həm də əvvəlkilərdən daha geniş və zəngindir.
Gündəliyə “Əşyaların interneti”, “Elektron hökumət” üzrə beynəlxalq
konfransların və digər tədbirlərin daxil edilməsi İKT-yə dair yeni nailiyyət və
təşəbbüslərin işgüzar dairələrə çatdırılması, gələcək inkişaf prioritetlərinin
müəyyən edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin
genişləndirilməsi üçün hərtərəfli imkanlar açacaq.
Dövlət başçısı sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verdi.
- Cənab Prezident, innovativ texnologiyaların həyata keçirilməsi baxımından Siz
bu müqaviləni necə qiymətləndirirsiniz?
- Bu, bizim üçün əlamətdar gündür. Bu müqavilənin imzalanması kosmik sənayenin
inkişafı baxımından Azərbaycan üçün çoxlu imkanlar açır. Bildiyiniz kimi, biz
iqtisadiyyatımızın şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət
uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar
bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz artıq ilk
peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək. Bu,
texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox imkanlar açır. Eyni
zamanda, bu peyk bizə kənd təsərrüfatı, fövqəladə hallar sahələrində, həyatımızın
müxtəlif sahələrindəki imkanlarımızı daha ətraflı qiymətləndirməyə kömək edəcək.
Mən bu müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa ilə Azərbaycan
arasında ikitərəfli səviyyədə beynəlxalq əməkdaşlığın yaxşı nümunəsidir, çünki
bu layihəni hər iki prezident dəstəkləyir. Eyni zamanda, “Azərkosmos” və
“Airbus” arasında yaxşı əməkdaşlıq mövcuddur.
- Cənab Prezident, yəqin razılaşarsınız ki, “BakuTel” sərgisi telekommunikasiya
nəhənglərini bir araya gətirir. Bu yüksək səviyyəli mütəxəssislər üçün növbəti
prioritet nədən ibarət olmalıdır?
- “BakuTel”in böyük tarixi var. Artıq 20 ildir ki, biz bu sərgini keçiririk.
Bu, onu göstərir ki, İKT-nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən
biridir. Bildiyiniz kimi, biz neft-qaz sahəsinin inkişafı, neft-qaz
infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il
bundan əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft
iqtisadiyyatına çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz
qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk. Bu
səbəbdən “BakuTel” şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanın
artan iqtisadiyyatından faydalanması üçün bir çox imkanlar açır. Eyni zamanda,
bu, bizə müasir beynəlxalq ekoloji inkişafın bir hissəsi olmağa imkan verir.
Sonuncusu isə təhsildir. Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif
beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir. Bu, ölkənin
inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca müsbət təsir göstərir.
- Bizə vaxt ayırdığınız və cavablarınız üçün təşəkkür edirəm.
- Təşəkkür edirəm.