Fontu böyüt:
İstifadəçi sadəcə tərcümə etmək istədiyi sözü və ya cümləni səsləndirir
“Google” korporasiyası “Android” əməliyyat sistemi ilə işləyən smartfonlar üçün telefon danışıqlarını tərcümə etmək imkanı verən xüsusi proqram təqdim edib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəçi sadəcə olaraq yeni əlavəni öz smartfonuna yükləyir və tərcümə etmək istədiyi sözü və ya cümləni səsləndirir.
Seçilmiş söz və ya cümlə “Google” serverlərində emal olunur və istifadəçi üçün onun tərcüməsi səsləndirilir. Tərcümə edilmiş ifadəni həmsöhbətə göndərmək üçün bu prosesi təsdiq edən xüsusi düyməyə basmaq lazımdır və xəttin digər tərəfindəki istifadəçi bu tərcüməni eşidəcək. Şirkət tərəfindən yaxın 18 ay ərzində proqramın sonadək işlənib hazırlanacağı gözlənilir. Bundan sonra istifadəçilər yeni imkandan real zaman rejimində faydalana biləcəklər.
“Google” müxtəlif dillərdə danışan insanların ünsiyyətlərini daha da asanlaşdırmaq niyyətindədir. Hazırda istifadəçilər əlavənin test versiyasını sınaqdan keçirə bilər. “Google” mütəxəssisləri hələ ki, yalnız ispan və ingilis dillərin dəstəkləyən proqramın dil bazasını yaxın zamanda genişləndirəcəyini vəd edirlər.