Fontu böyüt:
«Gündəlik-Bakı» qəzetinə internet saytına haker hücumu olub.Bu haqda saytın veb səhifəsində məlumat yerləşdirilib.Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq.
"28.07. 2009 il tarixində saytımıza giriş məhdudlaşdırılmışdı. Bunun səbəbini öyrənmək üçün araşdırmalar apardıq və məlum oldu ki, saytın parolunu dəyişiblər. Problemi tez bir zamanda aradan qaldırdıq və sayt öz fəaliyətini davam etdirdi. Ötən gün isə www.gundelik-baku.com internet saytına yenidən daha təhlükəli müdaxilə edilib. Bu dəfə isə həm istifadəçi adına, həm də parola müdaxilə edilərək sayta aşağıdakı sözlər yerləşdirilib.
"SOS: «Donuz Qripi» gündelik-baku.az-a geldi. Xeyri yoxdur eeee!!!!!. Ne qeder deyirler açıq bağlayın, guvenliyiniz tehlukededir. Amma xeyri yoxdur ki, yoxdur!!!! Adminləri tebrik edirem. Sizin sayt eladır. Tehlükesizlik bombadır. "
Qəzetin baş redaktoru Habil Vəliyev məsələyə münasibət bildirib: «İki gün öncə saytımızın admin parolunu dəyişmişdilər. Biz bu problemi dərhal həll etdik və bu əməlin kimin tərəfindən törədildiyini araşdırmağa başladıq. Üstündən bir gün keçməmiş yenidən sayta müdaxilə edilərək təhdid dolu təhlükəli material yerləşdirilib».
Qəzetin baş redaktoru onu da bildirib ki, məsələ ilə bağlı bütün güc strukturlarına müraciət olunub: «Sayta edilən müdaxilələrlə bağlı bütün güc orqanlarına - Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Respublika Baş Prokurorluğuna məktub şəklində müraciət olunub. Müraciətdə sayta edilən müxadilənin qarşısının alınması və bu hərəkətin kim tərəfindən edildiyinin aydınlaşdırılması xahişi olunub».
H.Vəliyev bəyan edib ki, sayt bu gündən öz fəaliyyətini müvəqqəti olaraq dayandırır. Saytın güvənliyinin təmin edib tam əmin olmayana qədər sayt işləməcəyək: «Bəyan edirəm ki, saytımızda hər hansı bir təhlükəli material yerləşdirilərsə qəzet rəhbərliyi və kollektivi buna görə heç bir məsuliyyət daşımayacaq».
Bu arada, işin maraqlı tərəfi odur ki, sayta hücum edən "Azerbaijan Defacers" haker qrupunun üzvü Hero_Aze ləqəbli haker də Qaynar.info-nun poçtuna yazdığı məktubla yaranmış vəziyyətlə bağlı mövqeyini açıqlayıb.Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
"Hörmətli H.Vəliyəv cənabları. Sizin sayta müdaxilə olunmayıb, sadəcə xəbərdarlıq olub. İlk xəbərdarlığa baxmayaraq, yenə də saytınızdakı açıqlar bağlanmayıb. Mən də məcbur olub sizin passwordunuzu (parolunuzu- red.) dəyişdim ki, erməni cəlladları sizin saytı hacklayıb (dağıdıb- red.) gedib öz media saytlarında toy-bayram etməsinlər.
Sözlərinizə cavab olaraq deyim ki, sizin saytınıza heç bir zərərli materiallar yerləşdirməmişəm, şər, böhtandan uzaq durun. Yazmısınız ki, MTN-ə və başqa qurumlara şikayət eləmisiniz. Çox əbəs yerə. Sizin saytın admininə yazmışdım ki, gəlib orada sizə kömək edək, saytınızın açıqlarını bağlayın. Görünür, sizin Webmasteriniz cox təcrübəsizdir. Əgər bu mən yox, erməni hackerleri olsaydı, nə edəcəkdiniz- MTN-ə verəcəkdiniz? Mən Proxy İP ilə sizin sayta müdaxilə edə bilərdim, onda nə MTN, nə də başqa qurumlar tapa bilməzdi. Mən gizlənməmişəm, istəsəniz sizin redaksiyaya gəlib, hər şeyi aydınlaşdıraram.
Məqsədim sizin sayta zərər vermək deyildi. Əgər belə olsaydı, sizin saytı çoxdan yerlə-yeksan edərdim. Mənə realda vətənin qulluğunda durmaq qismət olmadığından virtual məkanda həm düşmənlə mübarizə aparıram, həm də Aznetin (Azərbaycan internet məkanının- red.) təhlüksizliyini təmin edirəm".