Fontu böyüt:
Azərbaycan İnternet Forumunun (AİF) növbəti toplantısı keçirilib. Toplantıda Milli İnternet Müsabiqəsinin keçirilməsi ilə bağlı məsələ müzakirə olunub. Müsabiqənin Əsasnaməsinin son variantı, Müsabiqənin Loqosu, Mükafatın eskizi, Müsabiqənin saytının ilkin variantı, müsabiqəyə təqdim olunacaq resursların Qeydiyyat sistemi təsdiq olunub.
Əsasnaməyə görə Müsabiqənin hər ilin sonunda keçirilməsi nəzərdə tutulur. 11 nominasiya üzrə keçiriləcək Müsabiqədə ancaq Azərbaycandilli versiyası olan resursların iştirakı, eyni zamanda, Müsabiqənin qaliblərinin İnternet istifadəçilər tərəfindən deyil, ancaq Münsiflər Heyəti tərəfindən qiymətləndirilməsi nəzərdə tutulub.
Əsasən internet peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla formalaşdırılacaq Münsiflər Heyəti üzvlərinə hər hansı aidiyyatı olan saytların Müsabiqədə iştirakına yol verilmir.
Toplantıda sosial əhəmiyyətli resurslara AİF tərəfindən diqqətin artırılması istiqamətində müzakirələr aparılıb. Veb ustalar arasında biliklərin paylaşmasına xidmət edəcək www.webusta.info saytına AİF tərəfindən dəstək verilməsi məqsədəuyğun hesab edilib
AİF toplantısında həmçinin informasiya texnologiyaları sahəsində Azərbaycan dilinin tətbiqi sahəsində problemlərin hələ də qaldığı qeyd olunub. Bir sıra adi İKT terminlərinin müxtəlif nəşrlərdə və reklam lövhələrində fərqli formada yazılması faktlarının mövcud olduğu bildirilib. Toplantıda bununla bağlı əlaqədar qurumların və ekspertlərin iştirakı ilə geniş ictimai müzakirənin keçirilməsi məqsədəuyğun hesab edilib.