Fontu böyüt:
Bildiyiniz kimi, Pakistanda Facebook sosial şəbəkəsinə giriş qadağası qoyulub. Analoji hadisə Azərbaycanda da təkrarlana bilərmi? Görəsən, sosial şəbəkədə aktiv olan gənclər bu haqda nə düşünür.
Nərmin Nöqtə, jurnalist : "Azərbaycanda hər şey baş verə bilər. Bir ölkədəki Kür tərsinə axır, deməli, Facebook da bağlana bilər. Amma hələ ki, gənclər sistemi laxladacaq qədər fəal deyillər ki, dövlətə "təhlükə" yaratsınlar. Orda-burda bir iki yazı çıxır, xuliqanlıq adıyla 2-3 il yatırlar, cəza hələ ki budur. Facebook o zaman bağlana bilər ki, Azərbaycan gəncliyi real təhlükəli "düşmənə çevrilsin"
Əfsələddin Ağalarov, AzXeber.com xəbər portalının redaktoru: "Anoloji hadisənin Azərbaycanda baş verəcəyinə inanmıram. Çünki, belə hadisələr yalnız dinin dövlət üzərində təsirinin çoxluğundan irəli gəlir. Pakistan da məhz, belə ölkələrdəndir. Azərbaycan inanmıram ki, öz imicinə zərər vursun. Çünki, hazırda dövlət informasiyanın genişləndirilməsinə diqqət ayırır. Insanlar informasiyanı bir mənbədən yox, bir çox mənbələrdən əldə edirlər. Facebook təkcə sosial şəbəkə deyil, hətta yeni bir informasiya mənbəsidir. Belə hadisənin Azərbaycanda baş verməsi mənim fikrimcə real görünmür."
Toğrul Gülgəzli, blogger: "Bəli, belə bir hadisə baş versə təəcüblənmərəm. Hətta Azərbaycanda bütün az domenləri bir data bazaya yığıb nəzarət etmək fikirləri var. Son bir ildə Facebook istifadəçiləri 35% artıb, bu da bəzi qüvvələri narahat edir. Buna görə də ola bilər ki, gələcəkdə Facebooka qadağa qoyulsun."
Fərid Şahbazlı, Qaynar.info xəbər portalının redaktoru: "Xeyr, qətiyyən belə bir hadisə baş verə bilməz. Çünki demokratiyanın səviyyəsi, söz azadlığının hüdudları baxımından Azərbaycanla Pakistanın müqayisəsi qüsurludur. Bu gün Azərbaycan müxalif mediasında kifayət qədər sərt, hətta birbaşa ölkə rəhbərliyinə ünvanlanmış yazılar dərc olunur. Pakistanda Facebooku məhz təhqirlərə görə bağlayıblar. Amma biz də bu cür sərt yazılar nəinki Facebookda, hətta böyük oxucu kütləsinə malik KİV-də də gedir."
Aysel Fərziyeva, jurnalist : "Məncə hər şey ola biler. Facebookda xüsusilə radikal düşüncəli daha doğrusu hakimiyyətdən narazı olanlar öz fikirlərini bölüşür və bu digərlərinə de təsir edə bilir. Bizim hakimiyyətin ən çox qorxduğu şey xalqın gözünün açılmasıdır. Yəni AZTV və digər tv-lərdən eşitdiyi yalanları görməyidi. Bir sıra jurnalistlərin hesabının xəbərsiz baglanması kimi göstərir ki, bu ölkədə hərşey ola bilər."
Əli Məmmədov, tələbə : "Yox, mən düşünürəm ki, belə bir şey ola bilməz. İndiki durumda Facebooku bağlamaq üçün heç bir səbəb yoxdur. Nə vaxt kimsə cürət edib anti-iqtidar siyasəti yürütsə və bu kütləviləşsə o zaman nəinki Facebooku hətta Google da qadağa qoyarlar."
Hazırda Facebookun Azərbaycanda 153 280 istifadəçisi var. User sayına görə Azərbaycan 187 ölkə arasında 100-cü yeri tutur.
Hacıbəy Heydərli