Fontu böyüt:
Peyk antenalarının əvəzinə isə binaların dam örtüyündə yerli hakimiyyət tərəfindən mərkəzləşdirilmiş qaydada cəmi bir peyk antenası quraşdırıldığı bildirilir
Naxçıvanda peyk vasitəsi ilə Avropa ölkələri, Türkiyə və Rusiyanın televiziya kanallarına baxmaq üçün binaların eyvanında əhali tərəfindən quraşdırılan şəxsi peyk antenaları yığışdırılır. Bu barədə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) məlumat yayıb. Peyk antenalarının əvəzinə isə binaların dam örtüyündə yerli hakimiyyət tərəfindən mərkəzləşdirilmiş qaydada cəmi bir peyk antenası quraşdırıldığı bildirilir. Verilən məlumata görə, binada yaşayan bütün əhali telekanallara baxmaq üçün həmin peyk antenasından istifadə etməlidir. Həmin peyk antenalardan istifadə etməklə isə əhali yalnız Azərbaycan və Türkiyənin televiziya kanallarına baxa bilir. Belə ki, peyk antenaların yığışdırılmasına bir il bundan əvvəl başlanıb. Əvvəlcə Yeni Naxçıvan və Əliabad qəsəbəsində bir neçə bina təmir olunarkən peyk antenaları yığışdırılıb. Son dövrdə isə antenaların yığışdırılması kütləvi hal alıb. Artıq Naxçıvan şəhərinin mərkəzindəki binaların hamısından peyk antenaları yığışdırılır.
Mən indiyə qədər iki peyk antenadan istifadə etmişəm. Türk televiziya kanalları vasitəsilə xəbərlər proqramını izləyirdim, eyni zamanda Avropa peyklərindən istifadə edərək, Azadlıq radiosunu, BBC televiziya və radiosunu izləyir, Rusiya televiziya kanallarında isə kinolara baxırdım. Mərkəzləşmiş vahid peyk antenalar quraşdırıldıqdan sonra isə bundan məhrum olmuşam. İndi yalnız Türkiyə və Azərbaycan televiziya kanallarını izləyə bilirəm. Avropa telekanallarını izləmək üçünsə daha bir peyk antena quraşdırmaq lazımdır. Buna isə evin eyvanında kənardan görünməmək şərti ilə icazə verilir. Çox zaman isə evin quruluşundan asılı olaraq eyvanlara antena qoyulması mümkün deyil. Bunu RATİ-nin Naxçıvandakı müxbirinə Naxçıvan şəhər sakini Ramiz İsmayılov bildirib.
Naxçıvan şəhər İcra Hakimiyyətindən Turan informasiya agentliyinə verilən məlumata görə antenaların sökülməsi onların şəhərin arxitekturasına xələl gətirməsi ilə bağlıdır. “Hər çoxmərtəbəli binada mindən çox antena var və bunlar bir növ yağışdan sonra baş qaldıran göbələkləri xatırladır. Biz insanların istəyinə uyğun olaraq, hər binanın üzərində onların istifadə edəcəyi antenanı mərkəzləşmiş qaydada qururuq”, - deyə icra hakimiyyətinin nümayəndəsi qeyd edib.anspress.com
xeberler.az/Ellada