Fontu böyüt:
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda 17 May- Ümumdünya İnformasiya Cəmiyyəti günü ərəfəsində ölkədə İnformasiya Cəmiyyətinin formalaşması sahəsində mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
AİF- in toplantısında Milli Telekommunikasiya Şurasının (MTŞ) yaradılması ilə bağlı ölkə rəhbərliyinə təqdim olunacaq Müraciət müzakirə edilib. Müraciətlə bağlı müzakirələrdə son dövrlərdə ölkədə İKT –nin inkişafı sahəsində bir sıra irəliləyişlər əldə olunsa da ciddi uğurların qarşısını alan amillərin mövcud olduğu qeyd edilib.
İKT sahəsində dövlət idarəetməsinin, tənzimləmənin və kommersiya səlahiyyətlərinin RİTN –nin əlində cəmləşməsinin hazırda ciddi problemlər yaratdığı, inkişafın qarşısını alan ciddi amilə çevrildiyi qeyd edilib. Beynəlxalq Telekommunikasiya İttifaqına daxil olan ölkələrin əksərində artıq indiki RİTN formasında qurumların olmadığı, tənzimləmə səlahiyyətlərinin fərqli bir qurumda olduğu vurğulanıb.
Toplantıda qəbul edilən Müraciətdə beynəlxalq təcrübəyə əsaslanaraq RİTN-nin ləğv edilməsi və onun əsasında müstəqil dövlət tənzimləyicisi olan MTŞ-in və dövlət idarəetməsini həyata keçirən qurumun yaradılması təklifi irəli sürülüb. Müraciətdə MTŞ –in üzvlərinin Prezident tərəfindən irəli sürülməsi və Milli Məclis tərəfindən təsdiq edilməsi, müstəqil olması nəzərdə tutulur. Tənzimləmə ilə bağlı bütün funksiyaların (lisenziyaların verilməsi, tezliklərin ayrılması, nömrə resursunun bölüşdürülməsi, telekommunikasiya bazarında sağlam rəqabətin təmin edilməsi, operatorların öz aralarında və onların istifadəçilərlə münasibətlərin tənzimlənməsi və digər məqamlar) yaradılması təklif olunan quruma verilməsi nəzərdə tutulub.
Toplantıda, həmçinin, ölkədə Provayderlərin istifadə etdikləri İP ünvanların qeydiyyatı ilə bağlı məsələ də müzakirə edilib. Müzakirələrdə Milli provayderlər tərəfindən istifadə olunan İP ünvanların bir sıra hallarda yanlış məlumatlarla qeydiyyata alındığı vurğulanıb. Bunun
isə internet statistika və internet marketinq ucun problemlər və çətinliklər yaradığı vurğulanıb. Xüsusilə də İP-lər üzrə regionların müəyyən edilməsi və yaxud provayderin İP üzrə təyin olunmasında problemlərin yaşandığı bildirilib. Bununla bağlı Provayderlərə və RİTN-ə müraciət edilməsi məqsədəuyğun hesab olundu.
Keçirilən toplantıda İnternetinin keyfiyyəti və qiymətlərlə bağlı AİF tərəfindən aparılan Monitorinqin nəticələri haqqında məlumat da dinlənilib.
Son aylarda İnternet qiymətlərində edilən endirimlərin bu bazarda ciddi dəyişiklər yaratmadığı, internetinin keyfiyyətinin hədsiz dərəcədə pisləşdiyi, qonşu ölkələrlə müqayisədə qiymətlərin hələ də kifayət qədər baha olduğu, yeni texnologiyalar vasitəsilə internet xidmətlərinin təqdim edilməsinin ləng getdiyi vurğulanıb. Toplantıda birgə Monitorinqlərin aparılması ilə bağlı RİTN- ə edilən müraciətlərin də indiyədək cavabsız qaldığı qeyd edilib.
Qeyd edək ki, toplantıda,həmçinin, AİF-ə yeni üzvlər qəbul olunub və bir sıra cari məsələlər də müzakirə edilib.