Fontu böyüt:
“Sony” korporasiyası Yaponiyada keçirilən “yaşıl” texnologiyalar sərgisində ilk dəfə olaraq elektron mürəkkəb texnologiyası üzrə hazırlanmış yeni 13,3 düymlü elastik displeyin işlək nümunəsini nümayiş etdirib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdim olunmuş model sentyabr ayında “Sony” tərəfindən göstərilmiş qurğunu xatırladır. Burada fərq ondan ibarətdir ki, yeni prototipdə rəng ötürülməsi daha təbii effekt verir. Bu isə şirkətin bu sahədə əldə etdiyi əhəmiyyətli uğurdan xəbər verir. Elastikliyi artırılmış displeyin təsvir ölçüsü təxminən 640x480 piksel təşkil edir. “Sony” nümayəndələri qurğunun texniki xüsusiyyətləri barədə məlumat verməkdən imtina ediblər. Yalnız displeyin elastik altlıqda yerləşdirilmiş mikrokapsullardan ibarət olduğu bildirilib.
Yaponiya şirkətinin modelin kütləvi istehsalına dair planları da açıqlanmayıb. “Sony” şirkətində hesab edirlər ki, 2015-ci ilə kimi çap nəşrləri öz yerlərini rəqəmli qurğular və bu kimi digər texnologiyalara verəcək. Bu səpkidə bazarda elastik qəzetlərə tələbat artacaq.