Fontu böyüt:
Human Rights Watch iki gənc fəal bloger barəsindəki məhkumolunma cəzasının Azərbaycanda söz azadlığında geriyə addım olduğunu bildirib.
“Azərbaycan rəsmilərinin tənqidi və satirik şərhlərinə görə jurnalistləri cəzalandırmaq üçün onlara qarşı bir-birinin ardınca düzdüyü ittihamların uzunmüddətli modeli var. Emin və Adnan bu modelə tamamilə uyğun gəliblər" – deyə Human Rights Watch- təşkilatının Cənubi Qafqaz üzrə təhqiqatçısı Giorgi Gogia söyləyib. "Emin və Adnanın həbsi bloqerlərə və Azərbaycanda hər hansı kəskin hökumət tənqidçisinə soyuq bir mesajdır" deyən Gogia bildirib ki, bu, hökumətin söz azadlığı istiqamətində olan düşmənçiliyinin böyüdüyünü əks etdirir.
“Sərhədsiz Reportyorlar” təşkilatının bəyanatında bildirilir:
“Bu məhkəmə başdan sona qədər saxta idi və biabırçı və ədalətsiz hökmlərlə də nəticələndi. İnsan hüquqları üzrə Avropa Konvensiyasını imzalamış bir ölkə necə cəsarət edib müdafiə hüquqlarını və söz azadlığını belə düşünülmüş şəkildə poza bilir? Məhkəmə birmənalı şəkildə hakimiyyəti tənqid etməyə cəsarəti çatmış iki blogerə nəzarət etməyə və cəzalandırmağa yönləndirilmişdir.”
Bəyanatda həmçinin bildirilir ki, Azərbaycan hakimiyyəti açıq şəkildə İnternetin növbəti ildəki parlament seçkilərində güclü bir müxalifət vasitəsi olmasının qarşısını almağa çalışır. “Bloqlar və sosial şəbəkə internet səhifələri gənc Azərbaycanlıların çox məşhur olmasına gətirib çıxarır”.
Sərhədsiz Reportyorların 2009-cu il mətbuat azadlığı göstəricisinə (indeksinə) görə 175 ölkə arasında 146-cı olan Azərbaycanda hal hazırda üç jurnalist siyasi səbəblərdən həbsdədir.
Avropa İttifaqının sədrliyi Emin Mİlli və Adnan Hacızadəyə qarşı oxunan hökmlə bağlı təssüflə bildirib ki, məhkəmənin qərarı Azərbaycanda ifadə azadlığına xələl gətirə bilər. Sədrlik xatırladır ki, Azərbaycan ATƏT-ə və Avropa Şurasına daxil olarkən və həmçinin Avropa İttifaqı ilə öz əlaqələri çərçivəsində demokratik prinsiplərə, yaxşı idarəetmə, qanun və insan haqlarına hörmət baxımından öhdəlik götürüb.
Avropa Şurasının Azərbaycanın üzrə həmməruzəçi Andres Herkel və Avropa Şurasının Parlament Asambleyasının (AŞ PA)Azərbaycan üzrə siyasi məhbuslarla bağlı xüsusi məruzəçisi Kristof Ştrasser də bloqqçuların məhkum olunmaları ilə bağlı öz narahatlıqlarını bildiriblər.
Onlar əlavə edibər ki, istintaq zamanı qeyri-mütənasib qanuni ittihamlar, şəffaflığın olmaması, qapalı məhkəmə proseslərindən istifadə olunması, və mübahisəyə cəlb olunan digər şəxslərin ittiham olunmaması ölkədə polis və məhkəmə müstəqilliyi haqqında daha geniş narahatlıqlar yaradır .
Cənab Andres Herkel və Cənab Kristof Ştrasser ədalətli məhkəmə üçün Avropa Standartlarına uyğun beynəlxalq müşahidələrə açıq olan apellyasiya prosesi keçirilməsini təklif edirlər. Məruzəçilər həmçinin qeyd ediblər ki onlar Azərbaycanla bağlı hesabatlarında müxalifət yönümlü fəalların və vətəndaş cəmiyyətinin nümayəndələrinin təqib olunmasına və həbsinə daha böyük yer ayıracaqlar.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb