“azerbaijans.com” və “garabagh.net” saytının ideya müəllifi və qurucusu İlham Abduyev “Virtual Qarabağ”la bağlı açıqlama verib.
Açıqlamada bildirilir ki, Azerbaijans.com saytı tərəfindən bir neçə aydır ki, həyata keçirilən üç layihə artıq yekunlaşmaq üzrədir.
Layihələrdən biri www.butalife.com saytıdır. Bu saytın əsas məqsədi ümumi marağa malik istifadəçiləri bir qrupda birləşdirmək, milli sosial şəbəkə kimi intensiv əlaqələr yaratmağa nail olmaqdır.
İkinci layihə www.butacolor.com foto-paylaşım saytıdır. Bu sayt fotobank funksiyasını yerinə yetirəcək. Qeydiyyata düşməklə istifadəçi axtarış sisteminə malik olan sayta foto yükləyəcək və ya istədiyi mövzuya aid fotonu əldə edə biləcək.
Üçüncü layihə isə www.azerbaijanphoto.com saytıdır. Sayt ölkəmizi şəhər-şəhər, kənd-kənd vizual olaraq foto formatda tanımaq imkanı yaradacaq bir layihədir. Bu layihə ilə internet istifadəçiləri Azərbaycanın tarixi yerlərini, əsrarəngiz təbiətini virtual olaraq seyr edə biləcəklər
Qeyd edək ki, hər üç layihənin sentyabr-oktyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulub. Bu üç layihə bitidikdən sonra oktyabr ayından etibarən daha dörd layihənin icrasına başlanılacaq.
Bu layihələr ““Virtual Qarabağ” Mərkəzi”inin yaradılması ilə bağlı irəli sürülən təkliflərin bir neçəsi əsasında tərtib olunub.
İcrası nəzərdə tutulan laiyəhələr bunlardır:
1. Qarabağ kəndlərinin haqqında internet resursun yaradılması - Layihənin məqsədi işğal altında olan bütün Qarabağ kəndlərinin tarixi, coğrafiyası, özünəməxsusluğu və s. haqqında virtual ensiklopediya hazırlamaq və internet istifadəçilərinə yaşayış məskənlərimiz haqqında ətraflı informasiya verməkdir.
2. Qarabağa həsr olunmuş bütün elmi kitab, məqalələr, məcmuə və s. özündə cəmləyən “Qarabağ” salnaməsi” adlı virtual kitabxananın yaradılması -Bu layihə vasitəsilə həm Qarabağın tarixi, mədəniyyəti, təbiəti, həm də Qarabağ münaqişəsinin tarixi və hazırkı durumu barədə geniş bilgi toplanılması və həmin materialların elektron oxunulmasını təmin etmək nəzərdə tutulb.
3. Sosial şəbəkələrdə xarici vətəndaşlardan ibarət Azərbaycanın dostları qruplarının yaradılması - Bu layihə müxtəlif dövlətlərə və onların dillərinə uyğun olaraq sosial şəbəkələrdə təbliğat qrupları yaradılmasının, bunula da Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasını nəzərdə tutur.
4. Dünyanın ali məktəb tələbələri üçün “Virtal Qarabağ tələbə forumu” - Layihə dünya tələbələri arasında Qarabağ probleminin və ona bənzər münaqişələrin müzakirəsini, öyrənilməsini və həlli istiqamətlərində araşdırmaların aparılmasını həyata keçirmək məqsədi daşıyır.
Məlumdur ki, son zamanlar mediada “Virtual Qarabağ” informasiya Komunikasiya Texnologiyaları Mərkəzinin yaradılması ilə bağlı geniş müzakirələr aparılır. Biz də intellekt qrupu olaraq “Virtual Qarabağ”la bağlı təkliflərlə çıxış etmişdik.
Bir daha vurğulamaq istərdik ki, “Virtual Qarabağ”ın formalaşmasında, onun sonrakı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, zənginləşməsində, mərkəzə nəzarətdə və dövlət siyasətinə uyğun idarə olunmasında dövlət strukturları aparıcı mövqeyə malik olmalıdır. Lakin hesab edirik ki, bu istiqamətdə bəzi təklif və layihələr ola bilər ki, bunları vətəndaş cəmiyyətinin nümayəndələri də həyata keçirə bilər.
Məhz bu baxımdan “azerbaijans.com” və “garabagh.net” saytları olaraq biz bu işin bir hissəsini həyata keçirməklə “Virtual Qarabağ Mərkəzi”nin yaradılmasına və uğurlu fəaliyyət göstərməsinə bir vətəndaş olaraq öz töhfəmizi vermək niyyətindəyik. Layihələrin uğurla və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün arzu və təkliflərinizi
[email protected] elektron ünvanına yazıb göndərə bilərsiniz.