Fontu böyüt:
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2009-2012-ci illər üçün «Elektron Azərbaycan» Dövlət Proqramının prioritetlərini açıqlayıb. Bu, 2004-2008-ci illər üçün birinci analoji Dövlət Proqramının davamıdır.
«Biz artıq Dövlət Proqramının layihəsini hazırlamışıq və orada Azərbaycanın İT sahəsində ən vacib layihələri müəyyənləşdirmişik», - şənbə günü nazir bildirib. Onun sözlərinə görə, kosmik sənayenin inkişafı, dünyanın peyk bazarına çıxışın təmin olunması, Regional İnnovasiya Zonasının (RİZ) yaradılması və «Şərq-Qərb» yüksəksürətli informasiya magistralının salınması əsas prioritetlərdəndir.
Ə.Abbasov deyib ki, RİZ-in tətbiqi ölkənin informasiya texnologiyaları sektorunu beş dəfə genişləndirməyə imkan verəcək. «2018 -2020 -ci illər üçün biz IT sahəsində neft sektorunun gəlirlərinə analoji gəlirlər gözləyə bilərik. «Şərq-Qərb» magistralı Azərbaycanın İT sektorunda tranzit ölkəyə çevrilməsinə imkan yaradacaq», - nazir söyləyib.
«Elektron Azərbaycan» Dövlət Proqramının ilkin versiyasına 80 - dən çox layihə daxil edilib, onlardan 30-nu müxtəlif dövlət qurumları, qalanlarını RİTN təqdim edib. Prezident İlham Əliyev 2005-ci ilin oktyabrında Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində ilk Dövlət Proqramını («Elektron Azərbaycan») təsdiq edib. Bu sənədə İT sahəsində iqtisadi-struktur islahatlar, rabitə və informasiya texnologiyaları sektorunda müasirləşmə və genişlənmə, özəlləşmə, liberallaşma, nizamlanma, texniki müasirləşdirmə, televiziya və radio yayımının mükəmməlləşdirilməsi, poçt islahatları və informasiya cəmiyyətinə keçid proqramı daxildir. Mincom.gov.az
xeberler.az/Ellada