Fontu böyüt:
Dünyada texnologiyanın inkişafı insanları bir-birini tanımağa daha yaxşı kömək edir. Əvvəl bir kəsi tanımaq, axtarmaq üçün bir neçə gün, ay bəlkə də il sərf edilirdi. İndi isə istənilən şəxs haqqında məlumatı bir neçə saniyəyə əldə etmək mümkündür.
Azərbaycanda belə bir məsəl var: Kimisə tanımaq istəyirsənsə qonşusundan soruş. İndi isə bu məsəl daha müasirləşir. Kim haqqındasa məlumat toplamaq istəyirsənsə Facebook-dan, Twitter-dən və buna bənzər sosial şəbəkələrdən soruş.
ABŞ prezidenti Barak Hussein Obama Amerikalı gənclərə, ictimai paylaşma şəbəkələrində fərdi məlumatlarını paylaşarkən diqqətli olmağı tövsiyyə edib. Virciniya əyalətində məktəblərdən birini ziyarət edən Obama şagirdlərin “Prezident olmaq üçün nələr etmək lazımdır?” sualını cavablandırarkən belə deyib: “Gənc yaşlarda insanların YouTube, Facebook və bənzər saytlara əlavə etdikləri məzmuna diqqət yetirmələri lazımdır, yoxsa gələcəkdə yüksək vəzifəyə gəlmək istəyəndə bu bilgilər müəyyən problemlər yarada bilər. Əgər aranızda gələcəkdə dövlət rəhbərliyinə girib, millət vəkili, nazir, baş nazir hətta respublika başçısı olmaq istəyən varsa, gənc yaşlarından başlayaraq Facebook səhifəsinə əlavə etdiyi və yazdığı şeylərə diqqət yetirsin”.
Bu məsələ ilə əlaqədar araşdırmaçı, CareerBuilder-in apardığı araşdırma mövzunun nə dərəcədə ciddi olduğunu bir daha göstərir. CareerBuilder əsasən ictimai paylaşma şəbəkələrində araşdırma aparıb. Nəticələrə əsasən işə götürənlərin 45%-i bu kimi saytlardan istifadə edir. Beləliklə iş müraciətinə gələn namizədləri daha rahat araşdıra bilirlər. Narkotik və içki istifadəsi kimi detalları bu saytlardan əldə edə bilirlər. İşə götürənlərin 35%-i bu saytlardan əldə etdikləri məlumatların əhəmiyyətli bir bilgi olduğunu bildirib. İşə namizəd haqqında qərar verərkən belə şeylərə mütləq baxdıqlarını da deyiblər.
Qeyd edək ki, Barak Obama Ağ Evdə xalqla birbaşa ünsiyyət yaratmaq üçün Facebook, Twitter və bunun kimi saytları hələ də istifadə edir.