Fontu böyüt:
Google şirkəti Crome OS mobil əməliyyat sistemi ilə idarə olunan portativ kompüterləri Cromebook adlandırıb. İlk Cromebook-lar Samsung və Acer şirkətləri tərəfindən istehsal olunacaq. Qurğuların satışı iyun ayının 15-də ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İtaliyada başlayır.
Həmin ölkələrdə Chromebook-ları aylıq abunə haqqı ödəməklə də əldə etmək mümkün olacaq. Belə ki, korporativ müştərilər üçün hər bir bu cür qurğunun aylıq xidmət haqqı 28, tələbələr üçün isə 20 ABŞ dolları təşkil edəcək. Bu ödənişin müqabilində istifadəçilər nəinki proqram, həmçinin köhnə avadanlığın yenisi ilə əvəz olunmasını nəzərdə tutan aparat dəstəyi də əldə edəcəklər.
Samsung istehsallı Cromebook 1280x800 piksel təsvir ölçülü və 12,1 düym diaqonallı displey, veb-kamera, iki USB portu, Wi-Fi modulu və yaddaş kartları üçün slotla təchiz olunur. 1,5 kiloqram çəkili modelin avtonom iş müddəti 8 saatdan az deyil. ABŞ-da bu qurğunu nağd pulla 429 dollara, 3G modulu ilə təmin edilmiş versiyanı isə 499 dollara əldə etmək olacaq.
Acer-dən Cromebook isə kiçik fərqli parametrlər istisna olmaqla oxşar xüsusiyyətlərə malikdir. Belə ki, bu model 11,6 düym diaqonallı ekran və HDMI-çıxışla təchiz olunub. Onun çəkisi 1,3 kiloqram təşkil edir. Qurğunun avtonom iş müddəti isə təxminən 6,5 saata bərabərdir. Acer istehsallı Cromebook ABŞ-da 349 dollara satılacaq.