Fontu böyüt:
«Gənc Liderlər» Uşaq Təşkilatı (GLUT) bir qrup xanım millət vəkilinin televiziyalardan əxlaqsız film və serialların yığışdırılmasına dair müraciətinə dəstək bəyanatı verib. Təşkilatın sədri Fərid Şahbazlının Qaynar.info-ya açıqlamasına görə, GLUT-un İdarə Heyətinin toplantısında bəzi telekanallarda efirə gedən əxlaqsız filmlər və bayağı verilişlər Azərbaycanın gələcəyinə vurulan zərbə kimi qiymətləndirilib.
Təşkilat sədri deyir ki, ölkə uşaqlarının intellektual kəsimi efirlərdəki bu biabırçılığdan olduqca narahatdırlar: «Televiziyalarda bayağı verilişlər və əxlaqsız filmlər son həddədir. İnsanlar üçün heç bir alternativ imkan yaradılmayıb ki, seçim etsinlər. Bir neçə telekanal istisna olmaqla digərləri günün əksər saatlarında klip və filmlərlə cəmiyyəti uçuruma aparırlar. Hətta bəziləri 20 yanvar faciəsi günü belə utanmadan serial və əxlaqsız fidmlər verməkdən çəkinmədilər. Özlərini «dəqiq, qərəzsiz, vicdanlı» adlandıranlar, insanlara döyüş təbliğ etdiklərini iddia edənlər bir gün dözə bilmədilər. Mən GLUT və yüzlərlə məktəbli adından ictimaiyyətə, televiziyalara müraciət edirəm. Bu cür film və proqramlara son qoyulmalıdır. Əgər uzun müddət belə davam etsə, Azərbaycanın gənclərinin yarısından çoxu ölkəmiz üçün itirilmiş gənclik olacaq. İctimaiyyət özündə müqavimət gücünü bərpa etməli və bu kanallara etiraz etməlidir».
Fərid Şahbazlı deyir ki, əgər əxlaqsız və bayağı filmlər, proqramlar yayımlayan telekanallar bu siyasətdən çəkinməzlərsə, yüzlərlə şagirdlə birgə, «Gənc Liderlər» Uşaq Təşkilatı onları boykot edəcək.
xeberler.az/Ellada