Fontu böyüt:
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, indi “Android 2.2 Froyo” platforması ilə işləyən smartfon və planşet kompüterlərin, eləcə də “iOS 3.0” və daha yüksək əməliyyat sistemi ilə idarə olunan “Apple” qurğularının sahibləri “Google Docs” xidməti vasitəsilə nəinki sənədlərə baxa, eyni zamanda onları bilavasitə mobil brauzerin köməyi ilə redaktə edə də biləcəklər. Bunun üçün “Google Docs” saytına daxil olmaq və buradan redaktə olunacaq sənədi seçmək lazımdır.
Servisin tam istifadəyə verilməsi bir neçə gün ərzində həyata keçiriləcək. Bu zaman ilkin mərhələdə istifadəçilər yalnız ingilisdilli sənədləri redaktə edə biləcəklər. Digər dillərin isə bura bir qədər sonra əlavə olunacağı nəzərdə tutulur.
Qeyd edək ki, 2006-cı ildə istifadəyə verilmiş “Google Docs” servisi özündə mətn redaktorunun, müasir veb-standartlar bazasında tərtib olunmuş “bulud ” versiyasını əks etdirir. İlk növbədə personal kompüterlər üçün nəzərdə tutulmuş bu servis mətnli sənədlər yaratmaq, onları yükləmək və redaktə etmək imkanı verir. “Google Docs” mobil qurğuların ekranları üçün adaptasiya da edilib. Lakin buna baxmayaraq, istifadəçilər indiyədək faylları redaktə edə bilmirdilər.