Fontu böyüt:
Bloqosfer-2010 Forumunun iştirakçısı Rüfət Əhmədzadə Nabranda keçirdiyi 3 gün haqda bloqunda fikirlərini yazıb. Xeberler.az saytı həmin yazını təqdim edir.
Duzosfer
Əvvəla, bloqumun gündəlik yenilənməsi və mənim operativliyimə (qeyri-təvazökar çıxsa da, əksər hallarda belədir) öyrəşmiş daimi oxucularımdan üzr istəyirəm. Çünki, bəzi şəxsi problemlər üzündən bu yazı gecikmiş oldu. Amma, “gec olsun – güc olsun” prinsipinə əsaslanaraq, “Bloqosfer-2010” – Bloqçuların və Yeni Media mütəxəssislərinin I Forumunun həm ikinci gününü (forumun birinci günü barədə sentyabrın 11-də yazmışam), həm də ondan sonrakı olayları və cəmiyyətdə gördüyüm reaksiyanı icmal şəklində bu yazımda təsvir edim.
Belə ki, birinci yazımda (“9-cu kottecdən…”) da qeyd etmişdim: Sentyabrın 11-də 7 mövzu ətrafında müzakirə qruplarına bölündük və mənim də olduğum 6 nəfərlik 6 saylı qrup bloq yazılarındakı linqvistik qüsurlar barədə müzakirə-təhlil aparmağa başladı. Həmin gün biz həm vaxt proqramı daxilində, həm də şam yeməyindən sonra toplaşdıq, müzakirələrimizi ətraflı şəkildə tamamladıq və şərtlərdə yazıldığı kimi də “slayd” təqdimatı hazırladıq. Növbəti gün, bütün qruplar bir-bir səhnəyə çıxaraq öz müzakirələrinin nəticələrini təqdim etməyə başladılar.
“Azpress.info”nun rəhbəri Ramin Dekonun da olduğu (digər iştirakçıları yaxşı tanımadığım üçün adlarını qeyd edə bilməyəcəm) və bizə nisbətən çox üzvü olan I qrup “Jurnalist kimdir?” sualına cavab verməyə çalışdı. Halbuki, mövzuda bloqçuların hüquqları və koordinasiyası üzrə məqamlar da yer alırdı. Şəxsən mənim fikrimə görə, bu təqdimat birtərəfli və dar çərçivəli oldu. Amma, ən bəyəndiyim məqam qanunlardan çıxarışlar oldu ki, bloqçunun jurnalist kimi tanınması üçün bəzi məsləhətlər var idi.
Nə olur-olsun, bu, “hüquqi konsaltinq”dən o tərəfə keçmədi. Çünki, təqdimat zamanı, bloq yazarlığının əsas və əksər cəhəti olan analitik-publisistik sahəyə deyil, informasiya sahəsinə ağırlıq verildi. Bu cür təqdimat isə, mənim kimi əsasən bədii-analitik-publisistik tərzdə bloq yazanlara deyil, öz bloqunu xəbər portalına çevirmək istəyənlərə maraqlı olar. Yenə də, işi təqdir edirəm və onlara əziyyət çəkib həm hüquqi şəkildən, həm də foto-sessiya baxımından maraqlı təqdimat hazırladıqları üçün minnətdarlığımı bildirirəm.
Sonrakı qruplar isə, “bloqlar və reklam”, “multimedia-bloqqinq”, “bloqlarda etik qaydalara riayət”, “regionlarda bloqçuluq” və “bloqlarda davamsızlıq” mövzuları üzrə oldu.. Bizim qrupun mövzusunu isə, bilirsiniz.
Bloqlarda davamsızlıq və etik qaydalar barəsində təqdimat edən qruplar da I qrup kimi xoşuma gəlməyə çalışmadı. Yəni, öz təqdimatlarını auditoriyaya geniş və ətraflı şəkildə çatdıra bilmdəilər. Elə buna görə də, iştirakçılar tərəfindən müzbət rəy az gördülər.
Regionlarda bloqçuluq məsələsi ətrafında müzakirə aparan qrup çox maraqlı və diqqətçəkən bir təqdimat hazırlamışdı. Çünki, bu qrupda, əsasən, regionlardan olan bloqçular yer alırdı. Təqdimat ərəfəsində bildirildi:
Bu sahə üzrə regionlarda olan problemlərin önündə, həm provayderlərin səhlənkarlığı və internetin geniş yayılmaması , həm də ictimai fikirdə olan geriliklər üzündən doğan problemlər gedir.
Məndən başqa, Aqşin Mahmudov, Araz Yusubov, Mələk Abdinova və Hüseyn Kəlbəcərli və Çinarə Hüseynovanın yer aldığı qrupumuzun təqdimatında açıqlandı:
Uğursuz tərcümələr (xüsusilə, “Facebook” və “Wordpress” sistemlərində); Təhsil sistemində zəiflik və ali məktəblərəimtahanlarda Azərbaycan türkcəsinin çox məhdud şəkildə testlərə salınması; Yazarların mütaliədə təcrübəsiz olması;
Cəmiyyətdə xarici mediaya aludə olması və öz dilini yadırğaması; İnternet resurslarının qıt və qeyri-təkmil olması; Fərdlərin şəxsi səhlənkarlığı və dil normalarına biganə yanaşması. Və s.
Forumun sonuna yaxın açıqlanan səsvermədə, Birinci qrupun və etik qaydalar üzrə müzakirə edən qrupun təqdimatları az səs toplayaraq (60 iştirakçı arasında) qəbul olunmadı.
Forumu baş tutmuş hesab etmək olar, çünki, çox maraqlı və yeni bir hadisə idi. Hətta, özünün qüsurları ilə də. Şəxsən, mənim foruma uyğun görmədiyim qeyri-peşəkar və müştəbeh insanlar yer alsalar da, ümumi götürəndə, forumun əhəmiyyəti böyükdür. Və yeni medianın inkişafı istiqamətində aparılan texnoloji mahiyyətli müzakirələrdən də görüldü ki, İlqar Mirzənin rəhbərlik etdiyi “Bloqosfer-2010”, özlüyündə mühüm perspektivlər daşıyır.
Bu forumun perpsektivlərini və davamlılığını şübhə altında qoyacaq məqamlara görə bəzilərinin təşkilatçıları qınaq obyektinə çevirməsi isə, sadəcə gülüncdür. Amma, zənnimcə, bu qınaqlar bəzi dairələr üçün də, müəyyən rahatlıq gətirdi.
Forumda iştirak edənlər arasında, istər bloqçuluq, istər yeni media, istərsə də, ənənəvi jurnalistikada peşəkarlıq göstəricisi olan yazarlıq normalarından bixəbər olanlar da var idi. Bixəbərlik bir yana, bunu etiraf etmək və ya təvazökar davranmaq kimi etik göstəricilər kənarda idi – əsasən, etikadan dəm vuranlarda.
Xüsusən, məndən 2-3 il sonra mətbuata gəlmiş bir məsxərəbaz jurnalistin (mən təhsilimə və yazar kimi tanınmaq istəmədəyimə görə, öz imzamla mətbuatda az görünmüşəm) yazılarımı oxumadan mənə “peşəkar” prizmadan yanaşması əsəbi bir gülüş doğurdu məndə.
Eybi yox. Ümidvaram, həmin Adını Gizlətdiyim insan Azər Nəzərovun məsləhətini dinləyib bir neçə yazımı gözdən keçirəcək və məndən olmasa da, öz vicdanından üzr istəyəcək.
Sizə isə, əziz oxucular, diqqətinizə görə öz minnətdarlığımı bildirir və duzlu-məzəli “sfera” arzu edirəm. “Bloqosfer-2011” gözləntisi ilə…
mənbə: ahmadzada.tk