Fontu böyüt:
Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün "İnternet. Azərbaycan internet resursları. Milli saytlar kataloqu 2010" kitabı nəşr olunub.
XEBERLER.AZ-ın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, təqdim olunan yeni nəşr azərbaycandilli istifadəçilərin internetdən daha səmərəli istifadəsinə yardım məqsədi daşıyır.
Kitabın "İnternetə ümumi baxış" adlanan birinci fəslindən internetin tarixi, idarə edilməsi, hazırkı vəziyyəti, e-poçt və s. haqqında maraqlı bilgilər əldə etmək olar. "Azərbaycan interneti" adlanan ikinci fəsil ölkəmizdə internetin formalaşması, inkişafı və cari vəziyyətinə həsr olunmuşdur. "Azərbaycan internet resursları" fəsli isə mili internet resurslarının kataloqundan ibarətdir. Kataloq respublikamız haqqında, dövlət qurumları, cəmiyyət, xəbərlər, biznes, diaspor, elm, təhsil və s. mövzular üzrə bölünmüşdür. Buraya 4500-dək milli veb-resurs haqqında qısa icmal və ünvan daxil edilib.