Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə rəqəmli yayıma keçid üzrə proqram çərçivəsində bir kanal vasitəsilə 8-10 proqramın yayımına başlamağı planlaşdırır.
“Bu, bir aydan sonra, MPEG-4 standartı üçün müvafiq avadanlığın quraşdırılması ilə mümkün olacaq”, - deyə nazirlikdən bildiriblər.
RİTN-dən day.az-a verilən məlumata əsasən, yayım ilk növbədə Bakı şəhərində və Abşeron rayonunda, sonra isə respublikanın digər regionlarında həyata keçiriləcək. Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union) tövsiyələrinə əsasən, bütün ölkələr, o cümlədən Azərbaycan 2015-ci ilə kimi tam rəqəmli yayım formatına keçməlidirlər.
Məlumat üçün bildirək ki,Azərbaycanda rəqəmli yayıma keçid proqramı üç mərhələdən ibarətdir. Birinci mərhələ 2007-2010-cu illəri, ikinci 2011-2013-cü illəri, üçüncü mərhələ isə 2014-2015-ci illəri əhatə edir. Əvvəlcə Bakı, Gəncə və Naxçıvanda hər biri dörd kanaldan ibarət iki paket istifadəyə veriləcək. Bütün ölkə boyu isə yalnız bir paketin tətbiq olunacağı nəzərdə tutulur. Nəticədə Azərbaycan əhalisinin 60-70 faizi rəqəmli yayım zonasına daxil olacaq. Proqramın ikinci mərhələsi çərçivəsində Bakı, Gəncə və Naxçıvanda rəqəmli yayımın genişləndirilməsi məqsədilə daha bir əlavə paket tətbiq olunmaqla, istifadədə üç paket, respublika boyu isə iki paket olacaq. Bundan sonra rəqəmli yayımla əhalinin 90%-nin əhatə olunacağı gözlənilir. Cəmi 2013-cü ilə kimi 12 proqramdan ibarət üç paketin istifadəyə verilməsi planlaşdırılır.
Sonuncu üçüncü mərhələdə isə əlavə ötürücülər quraşdırmaqla yayım keyfiyyətinin artırılması üzrə işlər görüləcək və əhalinin 98%-nin rəqəmli yayımla əhatəsi təmin ediləcək.