Fontu böyüt:
2014-cü ildə dünya informasiya təhlükəsizliyi xərclərinin həcmi 71,1 milyard dollar olub. Bu da 2013-cü illə müqayisədə 7,9 faiz çoxdur. "Gartner" analitik şirkətinin proqnozunda belə deyilir.
2015-ci ildə xərclərin daha 8,2
faiz artaraq 76,9 milyard dollara çatacağı gözlənilir. İnformasiya təhlükəsizliyi
bazarının ən sürətlə artan sektoru verilənlərin itkisindən mühafizə hesab
edilir. Bu məqsədlər üçün xərclərin illik hesablamada 18,9 faiz artacağı
proqnozlaşdırılır. Həmçinin hesab edilir ki, "bulud" xidmətlərinin,
eləcə də, informasiya texnologiyalarının tətbiqinin genişlənməsi yaxın bir neçə
ildə yeni texnoloji həllərin və rəqəmli təhlükəsizlik sahəsində servislərin
inkişafına xidmət edəcək.
Analitiklər 2013-cü ildə yaranan əsas
yeniliklərdən biri kimi təhlükəsizlik təhdidlərinin demokratikləşməsini hesab
edərək məqsədyönlü hücumların təşkilinin mümkün olduğu zərərli proqram təminatı
və digər vasitələrin əldə olunmasını nəzərdə tuturlar. Analitik şirkət mütəxəssislərinin
fikrincə, belə tendensiya onunla nəticələnib ki, təşkilatlar əvvəllər
informasiya texnologiyalarının istiqamətlərindən və şirkətlərin xərclər mənbələrindən
biri hesab olunan informasiya təhlükəsizliyinə daha diqqətli yanaşmağa
başlayıb.
Mütəxəssislər
"Gartner"in yaxın illər üçün nəzərdə tutulan proqnozundakı bir neçə
vacib trendi də sadalayıblar. Onlar arasında "bulud" hesablama
sistemləri ilə təqdim edilən informasiya təhlükəsizliyi xidmətlərinin payının
artması, müəyyən edilmiş hüquqi normaların əməl olunmasına tələblərin sərtləşdirilməsi,
informasiya təhlükəsizliyi sahəsində kompleks xidmətlər paketinin yayılması yer
alıb. Həmçinin proqnozlaşdırılır ki, 2018-ci ilədək informasiya təhlükəsizliyinin
təmini üçün lazımi resursların olmaması səbəbindən təşkilatların yarıdan çoxu
bu məqsədlər üçün oxşar servislərdə ixtisaslaşan digər şirkətləri cəlb edəcək. Analitiklər
2017-ci ildən istehlakçıların mobil qurğularda informasiya təhlükəsizliyinin təmininə
marağının artacağını gözləyirlər.
Azərbaycanda
informasiya təhlükəsizliyi
Son günlər sosial şəbəkələrdən
bir sıra spam və virusların fəallaşması müşahidə edilib. Viruslar əsasən
Facebook sosial şəbəkəsinin istifadəçilərinə video şəklində gəlir. Bununla əlaqədar
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik
Mərkəzi sosial şəbəkə istifadəçilərini diqqətli olmağa, öz internet provayderlərinə
müraciət etməyə çağırır və bu kimi mesajları açmamaq və dərhal silməyi tövsiyə
edir.
Bu tipli mesajların qəbulu və əlavədəki
faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, habelə təşkilatınızın,
şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya
daşıyıcısı və vasitələrini təhlükə qarşısında qoyur.
Bir müddət öncə RYTN gücləndirilmiş
iş rejiminə keçsə də, vaxtilə "Anonymous" beynəlxalq hakerlər qrupu
onların kompüter şəbəkəsinə hücum etmişdi. Qrup Nazirliyə aid (mincom.gov.az)
1.5 GB-lik (qiqabayt) müxtəlif səpkili sənədləri və informasiyaları
oğurlamışdı. Bu informasiyaların arasında təkcə nazirliyə aid qapalı sənədlər
yox, həm də nazir Əli Abbasovun şəxsi xarakterli fotoları da yer almışdı.
Bundan əlavə, "Azərenerji" ASC-yə məxsus sənədlər internetdə
yayılmışdı. Az sonra "Anonymous" qrupu məxfi sənədləri onların ələ
keçirdiklərini elan etmişdi.
"Azərbaycanda kibertəhlükəsizlik
sahəsində çox ciddi problemlər var"
Keçmiş Media Hüququ İnstitutunun
(MHİ) koordinatoru Xalid Ağaliyev də "Bizim Yol"a Azərbaycanda
kibertəhlükəsizlik sahəsində çox ciddi problemlərin olduğunu deyib. O bildirib
ki, internetin bəşəriyyətə yaratdığı geniş imkanlar, eyni zamanda çox ciddi təhlükəsizlik
tədbirlərinin, strategiyalarının həyata keçirilməsini tələb edir: "Amerika
2002-ci ildə kibertəhlükəsizliyin təmin olunması üçün 2.7 milyard vəsait xərcləmişdi.
1 il sonra bu vəsait 4.2 milyard dollara qədər artdı. Hazırda isə amerikalılar
kibertəhlükəsizlik üçün büdcədən hər gün 12 milyard dollar vəsait xərcləyirlər.
Bizdə bu sahədə vəziyyət çox dumanlıdır. Hökumət bu sahədə hansı işlər görür,
hansı vəsaitləri xərcləyir, hansı tədbirlər həyata keçirir, bəlli deyil. Bizə məlum
olan bir neçə illik inkişaf proqramlarıdır. Belə proqramların sayı-hesabı
yoxdur. Ancaq gerçək bundan ibarətdir ki, Azərbaycanda heç bir resurs təhlükədən
sığortalanmayıb. Ən yüksək pillədə duran dövlət qurumu saytının dağıdılması,
ordakı bilgilərin ələ keçirilməsi adi hala çevrilib. Hökuməti tənqid edən
internet resursları davamlı kiberhücumların hədəfindədir. Belə hücumların heç
biri mümkün qədər şəffaf, detallı araşdırılmır. Bütün bunlar Azərbaycanda
kibertəhlükəsizliyin təmin olunması istiqamətində hökumətin gördüyü işlərin
effektiv olmadığını söyləməyə əsas verir".
Cəbhə bölgəsində gərginliklər
yaşanan zaman informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz ölkənin məşhur
internet resurslarına qarşı hücumların qeydə alındığını söyləmişdi. Buna görə hətta
bəzi resurslar öz fəaliyyətini müvəqqəti dayandırmalı olub: "Azərbaycanın
milli informasiya resurslarının, internet-media qurumlarının rəhbərləri nəzarəti
gücləndirməlidir. Elementar informasiya-təhlükəsizlik qaydalarına əməl
olunmalıdır. Təhlükəsizliklə bağlı peşəkar kadrlar fəaliyyət göstərməlidir.
Resursun dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün imkanlar səfərbər
olmalıdır. Məsələn, resurs xarici hostinqdə yerləşirsə, həmin hostinqin
alternativ hostinqdə yerləşməsinə baxılmalıdır. Buna misal olaraq "Delta
Telekom"da yerləşdirilə bilər. Belə olan halda problem yarandıqda daha tez
aradan qaldırmaq şansımız olur. Çünki xarici ölkədə olduğu zaman saat fərqi, müəyyən
əlaqələrin yaradılması çətinlikləri olur".
Aysel İsgəndərli