Fontu böyüt:
Cari ilin 4-5 iyun tarixlərində Bakıda Regional Rabitə Birliyinin (RRB) maliyyə xidmətlərinin inkişafı üzrə konfrans keçiriləcək.
Həmçinin Ümumdünya Poçt İttifaqının (ÜPİ) dəstəyi ilə təşkil olunacaq tədbirdə RRB-in üzv ölkələri (Ermənistan və Türkmənistan istisna olmaqla), Latviya, Fransa, Meksika, İtaliya və Braziliya nümayəndələri, həmçinin ÜPİ-nin iki nəfər məsul şəxsləri də daxil olmaqla 26 nəfər nümayəndələr qatılacaqlar.
Qeyd edək ki, İtaliya və Braziliya tədbirə videokonfrans vasitəsilə qoşulacaq.
Konfransda həmçinin, Dünya Bankının Bakı ofisinin nümayəndəsi, Azərbaycan Mərkəzi Bankın əməkdaşı, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, “Azərpoçt” DM-in Aparatının və Naxçıvan Muxtar Respublikası RİTN-in əməkdaşları da iştirak edəcəklər.
Tədbirdə dünyanın müxtəlif poçt administrasiyasının nümayəndələri Azərbaycanda son illər iqtisadiyyatın digər sahələrində olduğu kimi, ölkənin poçt şəbəkəsində də baş verən sürətli inkişaf və yeniliklərlə, xüsusilə də Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə Xidmətlərinin İnkişafı” Layihəsinin həyata keçirilməsi vəziyyəti ilə tanış olacaq, təcrübə mübadiləsi aparacaqlar.
Bundan əlavə konfrans zamanı ÜPİ-nin poçt maliyyə xidmətlərinin inkişaf strategiyası, poçt banklarının yaradılması sahəsində müxtəlif ölkələrin təcrübəsi, poçt sektorunda yeni texnologiyaların tətbiqi və digər vacib məsələlərin müzakirə olunacağı gözlənilir.
Səfər müddətində qonaqlar “Azərpoçt” Dövlət Müəssisəsinin bir sıra qabaqcıl poçt şöbələrində olacaq, “Maliyyə Xidmətlərinin İnkişafı” Layihəsi çərçivəsində həyata keçirilən işlərlə əyani tanış olacaqlar.