Fontu böyüt:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər” mövzusunda www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimatı keçirilib.
Xeberler.az-ın məlumatına görə, tədbirdə çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ötən il ərzində informasiya texnologiyalarının inkişafı üzrə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb:
"2014-cü ili belə dəyərləndirmək mümkündür: Milli Nüvə Texnologiyaları Tətbiqi Mərkəzi yaradıldı, ölkəmizdə ilk dəfə olaraq bu sahədə tədqiqatlara başlanıldı. 2014- 2020-cü illər İnformasiya Cəmiyyətinin İnkişafı üzrə strategiyanı qəbul edildi və bu informasiya cəmiyyətinin inkişafı və quruculuğu sahəsində böyük önəm daşıyır. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqına üzv seçildi. Hazırda ittifaqda təmsil olunan 198 ölkə içərisində üzvlük daşıyan 48 ölkədən biriyik”.
Nazir müavininin sözlərinə görə, “Elektron Hökümət” portalının yaradılması ən önəmli hadisələrdən biri oldu: “Portal Azərbaycan vətəndaşları tərəfindən geniş şəkildə istifadə olunur. Bu sahədə fəaliyyətin və istifadənin daha da genişləndirməsi üçün ölkədə yeni təşəbbüslər irəli sürülüb və Azərbaycan “Açıq Hökümət” təşəbbüsünə qoşulub: Bu təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının malik olduğu məlumatlar vətəndaşlara açılmalıdır. Bu şəraiti yaratmaq üçün biz bu gün məhz bu portalın təqdimatını keçiririk. Nəzərdə tutulub ki, bizim şirkərlərə və istifadəçilərə xüsusi proqram modullarını verməklə, dövlət qurumlarında olan məlumatlara sərbəst şəkildə müraciəti təqdim etmək lazımdır. Bunun üçün də bu proqramların işlənməsinə şərait yaratmaq vacibdir”.
Elmir Vəlizadə daha sonra pwww.data.gov.az - Açıq Hökumət Məlumatları portalının əhəmiyyətindən danışdı: “Portalın mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının malik olduğu məlumatlar vətəndaşlara açılmalıdır. Bu şəraiti yaratmaq üçün biz bu gün, məhz bu portalın təqdimatını keçirirk. Nəzərdə tutulub ki, bizim şirkətlərə və istifadəçilərə xüsusi proqram modulları verilməklə dövlət qurumlarında olan məlumatlara sərbəst şəkildə müraciəti təmin etmək üçün proqramların işlənməsinə şərait yaradılmalıdır. Vətəndaşlar üçün hazırlanacaq bu tətbiqi proqramlar müxtəlif dövlət informasiyalarından sərbəst şəkildə istifadə etməyə imkan verəcək. Burada daha işlək olan mətariallardan istifadə olunacaq”.
Daha sonra çıxış edən Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov ötən il ərzində “Elektron Hökümət” portalı tərəfindən həyata keçirilən işləri diqqətə çatdırdı: “2014-cü il ərzində əhali arasında "E-hökumət” portalına olan maraq xeyli artıb . Portala Vergilər Nazirliyinə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Ədliyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya, Əmlak Məsələləri Dövlət Komitəsinə və Dövət Miqrasiya Xidmətinə məxsus olan yeni elektron xidmətlər də əlavə olunub. Belə ki, portaldakı e-xidmətlərdən istifadə sayı 6.7 milyonu keçib. Portalın istifadəçilərinin sayı 1,14 milyonu nəfəri keçib”
Nail Mərdanov bugünkü tədbirin əhəmiyyətindən də danışdı: “ Açıq Hökumət Məlumatları heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs və ya biznes qurumu tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır. Vətəndaşlar "www.data.gov.az” portalı vasitəsi ilə dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin, müxtəlif servislərin hazırlanması üçün istifadə edə bilərlər”.
Sonra "data.e-gov.az” portalının təqdimat mərasimi çərçivəsində Açıq Məlumatlar üzrə müsabiqə elan olundu.