Fontu böyüt:
Bu gün Bakıda, Avropa Litseyində Azərbaycan Təhsil Nazirliyinin və Intel korporasiyasının birgə həyata keçirdiyi “1 şagird – 1 kompüter” layihəsi çərçivəsində məktəblilərə noutbukların verilməsi mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanovun iştirak etdiyi mərasimdə məktəbin 5-6-cı sinif şagirdlərinə 100 noutbuk verilib. Noutbuklar şagirdlərə həm məktəbdə, həm də evdə istifadə üçün verilir.
Nazir layihənin Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, azyaşlı məktəblilərə noutbukların verilməsi onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə effektiv təhsil almalarına yaxından kömək edəcək.
Layihə çərçivəsində 2010-cü ilin sonuna kimi Intel Azərbaycan məktəblilərinə 1000 noutbuk, Azərbaycanın Təhsil Nazirliyi isə 3000 noutbuk təqdim edəcək. 2009-cu ilin sonuna kimi layihə çərçivəsində şagirdlərə daha 400 noutbukun verilməsi planlaşdırılır (noutbukların 300-ü Təhsil Nazirliyi, 100-ü isə Intel tərəfindən veriləcək). Təhsil naziri həmçinin Avropa Litseyində “Elektron məktəb” layihəsi çərçivəsində yaradılmış və artıq istifadə edilən elektron jurnallar ilə yaxından tanış olub.