“Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfransda 25 ölkənin dövlət və qeyri-dövlət təşkilatlarından 200-ə yaxın nümayəndə iştirak edir
Sentyabrın 12-də Bakı şəhərində, “Kempinski Hotel Badamdar” mehmanxanasının “Qəbələ” zalında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş - gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans işə başlamışdır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin birgə təşkil etdikləri bu tədbirdə əsas məqsəd - gömrük işində informasiya sistemləri və informasiya texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi və gömrük xidmətində informasiya texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsidir.
Sentyabrın 12-də konfrans iştirakçıları öncə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anmış, məzarı üzərinə gül dəstələri düzmüşlər. Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə gül düzmüşlər.
Həmin gün konfransın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura, Rusiya Federasiyası Federal Gömrük Xidmətinin İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi Aleksey Şaşayev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru Telman Əliyev, Ukrayna Elmlər Akademiyasının akademiki, Ukrayna maliyyə nazirinin baş müşaviri Sergey Buşuyev və Türkiyə Qazi Universiteti Texnologiya Fakültəsinin Elektrik və Elektron Mühəndislik Departamentinin direktoru Çetin Elmas iştirak etmişlər.
Daha sonra konfransın plenar iclası işə başlamış, gömrük işində İKT-nin tətbiqi və elektron xidmətlərin göstərilməsi barədə müxtəlif çıxışlar dinlənilmişdir.
Qeyd edək ki, konfrans öz işini sentyabrın 13-dək üç bölmədə davam etdirəcək: gömrük xidmətində İKT və elektron gömrük xidmətləri; gömrük-biznes əməkdaşlığında İKT-nin rolu; dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili.
Onu da bildirək ki, “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfransda 25 ölkənin - Rusiya, Ukrayna, Almaniya, Fransa, Polşa, Rumıniya, Türkiyə, Sinqapur, Latviya, Litva, Qazaxıstan, Özbəkistan, İran və s. daxil olmaqla - dövlət və qeyri-dövlət təşkilatlarından 200-ə yaxın nümayəndə iştirak edir.