Fontu böyüt:
Azərbaycanda ilk mobil operator olan Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş etmək məqsədi ilə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birgə “Mənim arzu SMS-im” kampaniyasını həyata keçirib.
26-30 dekabr tarixlərində keçirilən kampaniyanın məqsədi kimsəsiz uşaqların Yeni il arzularını yerinə yetirmək olub. Uşaqların Yeni ilini Şaxta babasız təsəvvür etmək olmaz. Kampaniya zamanı Bakı və Quba şəhərlərində yerləşən dörd uşaq evində quraşdırılan Bakcell telefonları vasitəsilə uşaqlar Şaxta babaya öz arzu SMS-lərini göndəriblər. SMS-lər toplandıqdan sonra Şaxta baba uşaq evlərini ziyarət edərək, uşaqlara arzu etdikləri bayram hədiyyələrini təqdim edib. Bəzən uşaqların hədiyyədən çox, xoş sözlərə ehtiyacı olur. Bu sözləri ünvanına çatdırmaq üçün Bakcell-in Xidmət Mərkəzlərində mobil Şaxta babalar Bakcell-in ulduz formasında flayerlərini müştərilərə paylayıblar. Valideyn himayəsindən məhrum olan uşaqlara öz arzularını çatdırmaq istəyənlər bu ulduzların üzərində arzularını yazaraq Xidmət Mərkəzlərindəki qutulara atıblar. Şaxta baba bu məktubları yığıb uşaq evlərindəki uşaqlara çatdırıb. Ən maraqlı bayram təbrikinin müəllifi Bakcell şirkəti tərəfindən hədiyyə alacaq.
Kampaniyada 4 internat məktəbi - Ramanı əlillər evi, 21 saylı uşaq evi, 11 saylı xüsusi tipli internat məktəbi və Quba rayon xüsusi ümumtəhsil internat məktəbindən 270 uşaq iştirak etdi.
Bakcell-in Baş icraçı direktoru xanım İneke Botterin sözlərinə görə, “uşaqlar cəmiyyətin ən həssas nümayəndələridir və biz onların səsinin eşidilməsi üçün bu kampaniyanı həyata keçirdik. Məqsədimiz bayram ərəfəsində uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətimizi göstərmək idi”.