Fontu böyüt:
Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi hazırda Cenevrədə keçirilən “ITU World Telecom 2009” tədbirində təqdim olunur. Təhsil Nazirliyi yanında Təhsil sisteminin informasiyalaşdırma idarəsinin rəisi Samir Məmmədov, Azərbaycan Təhsil Şəbəkəsinin rəhbəri Səməd Abbasov, Ultra şirkətinin prezidenti Tahir Mirkişili ITU World Telecom çərçivəsində 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində təhsil sistemində informasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycan təcrübəsini dünya ictimaiyyətinə təqdim etdilər.
Forum çərçivəsində artıq bir sıra görüşlər də keçirilmişdir. Həmin görüşlər zamanı digər ölkələrin nümayəndələrinə Azərbaycan Təhsil Şəbəkəsinin (AZEDUNET) və Məlumat və Resurs Mərkəzinin yaradılması, “Elektron məktəb” və “1:1” (“Bir şagird – Bir kompüter”) layihələri, həmçinin Milli Tədris Portalı - Edu.az və s. daxil olmaqla Dövlət Proqramının müxtəlif komponentləri haqqında məlumatlar verilmişdir. Bundan əlavə, “ITU World Telecom 2009” çərçivəsində Azərbaycan təhsil sisteminin informasiyalaşdırıması haqqında iki sənədli film və “Elektron Təhsil” jurnalının ingilis dilində olan xüsusi buraxılışı təqdim olunmuşdur.
Qeyd edək ki, ITU World Telecom Forumunda (5-9 oktyabr) Azərbaycanı təmsil edən rəsmi nümayəndə heyətinə Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov başçılıq edir. Azərbaycanın Milli Stendində informasiya texnologiyalarının tətbiqi sahəsində ölkənin qabaqcıl təcrübəsi təqdim olunmuşdur.