İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

AZƏRBAYCANDA BLOQÇULUQ

02.09.2010 [15:25]

Fontu böyüt:      

"Şəxsən mənim özümdə bu dəqiqə tutub həbsə atacaqlar təşvişi yaradır. Məsələn, hər dəfə sərhədi keçəndə düşünürəm ki, tənqidlərə görə məni burda həbs edəcəklər. Çünki mənə xeyli zəng gəlir ki, tənqidi yazılarını yığışdır. Axı bloqçu siyasətşi deyil, sadəcə, öz fikirlərini, düşüncələrini ictimaiyyətlə bölüşən insandır".

“Media forum” saytı “Azərbaycanda bloqçuluq” mövzusunda müzakirə keçirib. Redaksiyanın qonağı olan bloqçular söhbətə özlərini təqdim etməklə başlayıblar.

Azər Nəzərov: Jurnalistəm, həm də bloq yazıram. Gürcüstanda “CİPA” proqramı üzrə təhsil alıram. Azərbaycanda və Gürcüstanda media üzrə təlimlər keçirirəm, öncə direktor köməkçisi işlədiyim Media Mərkəzində layihələr icra edirəm. İlqar Mirzəylə birlikdə bloqçular və yeni media mütəxəssisləri üçün “Bloqosfer-2010” adlı forum keçirməyə hazırlaşırıq.

Rüfət Əhmədzadə: İxtisasım tərcüməçilikdir, Gəncə Dövlət Universitetində magistr təhsili alıram. Bəzi saytlarda publisistik yazılarla çıxış edirəm. Öz bloquma daha çox bədii yazılarımı - hekayələrimi, şeirlərimi yerləşdirirəm.

İlqar Mirzə: Barkamp Azərbaycan” şirkətinin layihə rəhbəriyəm, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərirəm. Marketinq sahəsində böyük təcrübəm var, Azərbaycandakı marketinq şirkətlərinin fəaliyyətini araşdırıb analitik yazılar hazırlayıram. Azərin dediyi kimi, hazırda “Bloqosfer-2010” layihəsi üzərində çalışanlardan biri də mənəm.

Ağarəhim Poladov: Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində təhsil alıram. “Dalğa” Gənclər Hərəkatının ideologiya məsələləri üzrə koordinatoru, “İnternyus Azərbaycan” təşkilatında layihə koordinatoruyam. Bir ilə yaxındır ki, sosial mövzularda bloq yazıları yazıram.

Əli Novruzov: Üç ildir ki, bloq yazıram. Azərbaycanda davamlı olaraq yenilənən bloqlardan biri mənim blogumdur. Demək olar, Azərbaycanda ilk ingilisdilli bloq da mənimki olub. Azərbaycan dilində də bloqum var. Bu yaxınlarda isə yeni yumoristik bloq açmışam, orda sosial-siyasi məsələlərə yumoristik yanaşma olacaq. Mən daha çox ingiliscə yazdığıma görə Azərbaycanda auditoriyam böyük deyil, xarici ölkələrdə oxucularım daha çoxdur.

- Azərbaycanda bloqçuluq nə dərəcə inkişaf edib, bu iş bizdə professional səviyyədə görülür demək olarmı?

Azər Nəzərov: Azərbaycanda bloqçuluq kifayət qədər inkişaf edib, sadəcə, dünyanın digər ölkələrindən fərqli olaraq bizdə bloqçulara münasibət mənfidir. Xüsusilə Emin Milli və Adnan Hacızadənin həbsindən sonra dövlət və hətta qeyri-dövlət səviyyəsində təbliğat bu istiqamətdə aparılır.

- Qeyri-dövlət səviyyəsində də?

- Bəli. Bəzi müxalifət partiyalarının və QHT-lərin də bizə münasibəti yaxşı deyil.

- Nədən bu qənaətə gəlmisiz, yaxşı olmayan bu münasibəti harda göstyəriblər sizə?

- Bizi tənqid edənlər arasında onlar da var. Ümumiyyətlə, bizdə bloqçulara hökumət əleyhinə çıxan təbəqə kimi yanaşırlar. Yəni bloqçuluğu siyasiləşdirirlər. Hərçənd bu işin mahiyyətini anlayanlar, bizə dəstək verənlər də az deyil.

- Bloqçulara mənfi münasibət sizə hansı problemləri yaradır?

Azər Nəzərov: Şəxsən mənim özümdə bu dəqiqə tutub həbsə atacaqlar təşvişi yaradır. Məsələn, hər dəfə sərhədi keçəndə düşünürəm ki, tənqidlərə görə məni burda həbs edəcəklər. Çünki mənə xeyli zəng gəlir ki, tənqidi yazılarını yığışdır. Axı bloqçu siyasətşi deyil, sadəcə, öz fikirlərini, düşüncələrini ictimaiyyətlə bölüşən insandır. Məsələn, Əli Novruzovun bloqunu gündə 300-ə yaxın adam oxuyur - nəyə görə o və onun kimiləri öz bloquna reklam cəlb edə bilməsinlər? Amma bunun üçün biznes təşkilatları bloqçulardan qorxmamalıdır. Bunun üçün dövlət qurumları bloqçulara münasibəti dəyişməli və bu sferanın inkişafı üçün proqram qəbul etməlidir.

İlqar Mirzə: Azərin sözünə qüvvət, hakimiyyətə yaxın çevrələrdə hətta bloqu olmayan şəxslərə belə bloçu adı qoyurlar - hansısa tənqidi fikirlərinə görə. Kimsə nəyisə tənqid eləyən kimi deyirlər ki, bloqçu, bəsdir, tutarlar səni. Bir növ “sən müxalifətçisən” deyimini “sən bloqçusan”la əvəz ediblər.

Bütün normal ölkələrdə cəmiyyətin aynası mediadır. Baş verən hadisələr, insanların düşüncəsi, yaşam tərzi mediada öz əksini tapır. Amma son illər texnologiya inkişaf etdiyi üçün artıq insanlar məlumatı internetdən almağa üstünlük verirlər. Qərb ölkələrində, Amerikada, Avropada televiziyaya, mətbuata olan maraq aşağı düşüb. Buna görə də artıq cəmiyyətin güzgüsü bloqlardır deyə bilərik. Şəxsən mən bir qədər əvvəl çox məşhur bir şirkətin reklamında çox ciddi bir xəta aşkarladım və media nümayəndəsi kimi şirkətə sorğu göndərdim ki, bu məsələyə aydınlıq gətirsinlər. Təəssüf ki, sorğunu göndərməyimdən beş aya qədər müddət keçməsinə baxmayaraq şirkətdən heç bir reaksiya yoxdur. Mən mütəxəssis kimi hesab edirəm ki, bu, yanlış yanaşmadır. Əgər şirkət bloqçu sorğusunu ciddiyə almayıb onu cavablandırmırsa, müraciət etdiyim bir çox mətbuat orqanları aşkarladığım faktları çap eləmirsə, mənə öz auditoriyam da kifayətdir ki, xəbər ictimaiyyətə çatsın. Çünki mənim auditoriyam ofis işçiləri, internet istifadəçiləri, marketinq mütəxəssisləridir, yəni mənim informasiyam öz ünvanına çatır.

Bunun kimi digər hadisədə mən bir şirkətə məsləhət olaraq yol verilmiş səhvi necə düzəldə biləcəklərini yazmışdım. Düzdür, şirkətin nümayəndələri mənim bloquma girib düz yazmadığımı qeyd etdilər, amma buna baxmayaraq həmin səhvi aradan qaldırdılar. Bu onun göstəricisidir ki, ənənəvi media ikinci plana keçib, gənc internet istifadəçilərinə adi insanların hazırladıqları xəbər daha real, maraqlı gəlir.

- Ənənəvi medianın ikinci plana keçdiyini nədən bilirsiz ki?

İlqar Mirzə: Məncə, o mediaya inam azaldığı üçün bloqlar gündəmə gəldi.

- Həm deyirsiz ki, mətbuata inam azaldığı üçün bloqlar yarandı, həm də deyirsiz ki, qəzetlər sizin yazılarınızı çap eləmədiyi üçün öz bloqunuzda yazırsız. Fərqli fikirlər deyilmi?

İlqar Mirzə: Fərqlidir, amma bir-birinə zidd deyil. Dediyim kimi, əsas səbəb gənclərin internet məkanına toplanmasıdır və bu da istər-istəməz interneti əsas informasiya mənbəyinə çevirir.

Rüfət Əhmədzadə: Mən həm mətbuatda, həm də öz bloqumda yazdığım üçün deyim ki, qəzet yazıları həmin mətbu orqanların mənsub olduqları qrupların marağı, yəni kimlərinsə sifarişi kimi dəyərləndirilir. Amma bloqdakı yazılarımı oxucular yalnız mənim şəxsi mövqeyim olaraq qəbul edirlər.

- Subyektiv və yanlış rəy, şəxsi maraqdan doğan tənqid ittihamı bütün yazılara şamil edilə bilər -istər qəzetdə çap olunsun, istər bloqda.

Rüfət Əhmədzadə: Bloqçunun şəxsi fikri subyektiv olsa belə, məncə, elə bil, oxucular bloq yazılarına daha səmimi yanaşırlar. Qəzet üçün yazanda istədiyin qədər sərbəst ola bilmirsən, həmin qəzetin şərtlərinə uyğun yazmalı olursan. Yəni jurnalist həm çalışdığı mətbu orqanın təhlükəsizliyini, həm də onun maraqlarını nəzərə almaq məcburiyyətindədir. Amma bloqda belə problem yoxdur, nə fikirləşirsən, onu da yazırsan, yəni səmimi olursan. Ona görə də bloq yazıları daha səmimi qarşılanır.

Azər Nəzərov: Mən də bu fikirlərlə razıyam, bloqumdakı yazını qəzetdə verə bilmərəm.

- Niyə?

Azər Nəzərov: Hansı qəzet mənim tənqidi məqaləmi çap eləmək istəyər? “Yeni Müsavat” və “Azadlıq” qəzetləri bəlkə də razılaşarlar, amma mən onlara yazmaq istəmirəm, “525-ci qəzet” və “Şərq” razı olmayacaq, “Azərbaycan” qəzeti heç yaxın durmayacaq.

- Niyə “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə yazmaq istəmirsən ki?

Azər Nəzərov: Mən tərəfsizəm və balans qorumaq istəyirəm, bloqum bu imkanları mənə tanıyır. Bundan əlavə, bloqda qısa informasiyaları operativ şəkildə yaymaq və oxucudan zamanında reaksiya almaq imkanı var. Oxucuların şərhlərindən mənə aydın olur ki, açıq qalan suallar hansılardır, yanlışım nədədir. Digər tərəfdən qəzet oxucularından fərqli olaraq internet istifadəçilərinin vaxtı çox azdır. Onlar üçün qısa, aydın informasiya lazımdır.

- Bəyəm qəzetlərdə qısa və aydın informasiyalar olmur?

Azər Nəzərov: Amma qəzetə verdiyim yazı ən tez bir sutka sonra oxuculara çatır, onların reaksiyasını dərhal öyrənə bilmirsən.Yaxud yazın arxa səhifəyə yerləşdirəndə artıq ümid etmirsən ki, kimsə onu oxuyub fikir bildirəcək. Bloqlarda isə texnologiyanın verdiyi imkanlar daha genişdir. Hətta indi videobloq mərhələsi başlayıb, artıq hər bloqçu informasiyanı video vasitəsilə oxucularına çatdıra biləcək. İndi hər kəs başa düşür ki, internet oxucusunun vaxtı çox məhduddur və informasiyanı qısa zamanda və aydın bir dildə oxucuya çatdırmaq lazımdır. Bir dəqiqəlik videoblok və altından şərhlər - bu şəkildə informasiya mübadiləsi daha səmərəlidir.

- Bu “qısa və operativ” tələbi daha çox informasiya agentliklərinə aid deyilmi? Elə böyük bloq yazıları var ki, həcmcə böyük olmalarına rəğmən çox maraqla oxunur və çox oxunur.

Azər Nəzərov: Belə istisnalar var, amma çox azdır.

- Əli bəy, siz də qruplaşmalardan kənarda olmaq üçün bloq yaratmısız?

Əli Novruzov: Sosiologiyada deyildiyi kimi, hər bir şeyin öz səbəbi var, amma hamısının da bir səbəbi var. Obyektiv və subyektiv səbəblər üzündən mən bir müddət öz dostlarımdan ayrı düşmüşdüm və ünsiyyətə ehtiyacım vardı. Bloqumu o ərəfədə yaratdım. Ölkəmizdə bloqların birdən-birə çoxalması isə ondan irəli gəlir ki, mətbuatımız qütbləşib və köhnə, ənənəvi metodlarla işləyir. Qəzetlərin çap variantıyla sayt variantı bir-birinin eynidir. Halbuki xarici ölkələrdə qəzet redaksiyası ilə saytın redaksiyası ayrı olur, xəbərləri və mövzuları işləmə üslublarında da ciddi fərqlər var. Bizdə bu olmadığı üçün birdən-birə internetə çıxan proqressiv icma orda yeni məzmun görməyib onu özü yaratdı. Ona görə də bizdə Facebook və bloqlar çox məşhurdur.

Şair Aqşin Yeniseyin yaxşı bir sözü var, deyir Azərbaycan elə bir ölkədir ki, gərək oxumaq istədiyini özün yazasan, qulaq asmaq istədiyini özün oxuyasan. Bizdə də belə situasiya yaranıb. Azərbaycan internetində keyfiyyətli yazı oxumaq istəyirsənsə gərək özün yazasan. Mənim bloq yaratmağımın səbəblərindən biri də budur - Azərbaycanda baş verən hadisələrlə bağlı xoşuma gələn üslubda internet yazılarının olmaması.

- Sizin də yazılarınızı çap eləməyib qəzetlər?

- Olur ki, sən yazı yazırsan və bilmirsən onu hansı qəzetə verəsən. Bu, çox həssas andır həmin an sən başa düşürsən ki, öz yazını öz bloqunda özün çap edə bilərsən. Mən qəzetə də yazmışam, daha doğrusu, Londonda çıxan qəzetlərdən biri mənim bloq yazılarımı oxuyub təklif etmişdi ki, onlar üçün köşə yazım. İmtina etmədim, yazdım və uğurlu da alındı.

Azərbaycanda belə imkan yoxdur. Sadəcə müxalifət və iqtidar mətbuatı var. Bəs hanı bizim “Vaşinqton Post”, “Nyu-York Tayms” tipli qəzetlərimiz?

- Siz Amerikayla Azərbaycanı bir tutursunuz?

Əli Novruzov: Düzdür, bura Amerika deyil, amma bu o demək deyil ki, Azərbaycanda hamı ya müxalifət, ya da iqtidar tərəfdarıdır. Bizdə kifayət qədər insan var ki, ya bu ikisi arasında tərəddüd edir, ya da konkret siyasi görüşü yoxdur. Belə insanların da mətbuatdan gözləntilərini nəzərə almaq lazımdır. Azərbaycanda neytral çevrə üçün mətbuat yoxdur, ona görə də bizim “Vaşinqton Post”umuz “Facebook”dur. “Facebook”da 198 min azərbaycanlı istifadəçi var və bu o deməkdir ki, Azərbaycan üçün ən azad mətbuat bu sosial şəbəkədir.

- Necə hesab edirsiz, siz bloqçular qəzet çıxarsanız, onun tirajı nə qədər olar?

Əli Novruzov: Çox az.

Azər Nəzərov: Yox, heç də az olmaz.

- Sizcə, “köhnə və ənənəvi” dediyiniz üsulları siz bloqçuların yanaşmasıyla əvəz edib müstəqil, tərəfsiz qəzet çıxarmaq mümkündürmü Azərbaycanda?

İlqar Mirzə: Məncə, qəzet erası öldü.

Azər Nəzərov: Eektron qəzet formasında bəli, mümkündür.

- Niyə məhz elektron?

Azər Nəzərov: Çünki dövr bunu tələb eləyir. Məsələn, “Azadlıq” qəzeti Əli Kərimlini dəstəkləyir, “Yeni Müsavat” qəzeti isə İsa Qəmbəri. Amma Əli Kərimlinin və İsa Qəmbərin bloqu bu qəzetlərdən çox oxunur.

İlqar Mirzə: Mən bunu sırf texnoloji amillə əlaqələndirərdim. Professional qəzet saytının, bloqun oxucularla əks əlaqə qurmaq, onların fikrini öyrənmək imkanı var, çap mətbuatında isə bunu etmək çox çətindir.

- Oxucunun fikri qəzetin gündəlik satışında və ümumi tirajında çox aydın bilinir.

İlqar Mirzə: Bəs tənqidlər, iradlar?

- Texnologiya qəzetlər üçün də bəzi imkanlar yaradıb axı - redaksiyalarda telefonlar var. Operativliyə gəlincə, bəyəm bloqlarda qəzetlərdəkindən çox fərqli, Azərbaycanın gündəmini dəyişə biləsi informasiyalar olur ki?

Əli Novruzov: Bir var jurnalistika, bir də var media. Jurnalistika - qəzet kollektivinin birgə əməyi sayəsində ortaya çıxan məhsuldur. Media isə hazır məhsulun müxtəlif formalarda oxucuya çatdırılmasıdır. Bu gün Azərbaycanda jurnalistika var və getdikcə daha da təkmilləşir. Media isə böhrandadır. Buna qəzetlərin satış səviyyəsinin, televiziyaları izləyici sayının aşağı olması aiddir. Bu gün internet mətbuata da, televiziyaya da ciddi təhlükə yaradır. Bu, “media ölür” demək deyil, indiki böhran əslində daha keyfiyyətli medianın yaranmasına zəmin yaradır. Qəzetlər həmişə qalacaq, lakin indiki formada yox, daha təkmilləşmiş formada. Onlar internet dövrünün tələbləriylə ayaqlaşmağa məcburdurlar.

İlqar Mirzə: Çap mediasının ən böyük çatışmazlığı ondadır ki, orda səs, canlı görüntü kimi imkanlardan istifadə etmək olmur. Üstəlik, Azərbaycan qəzetlərinin əksəriyyəti ağ-qara çıxır. Yəni internet dünyası daha cəlbedicidir. İnternetin qəzet satışlarına təsir etməsi təkcə Azərbaycana xas deyil. İndi hətta “Vaşinqton Post” kimi məşhur qəzetlər də bu problemlə üzləşib.

Əli Novruzov: Yox, İlqar, bu, qəzetlərin böhranına səthi yanaşma oldu. Bu böhran əslində “qəzetlər satılmır” demək deyil. Bu o deməkdir ki, qəzetlərin xərci gəlirindən çoxdur. Məsələn, bir qəzeti nəşr etmək üçün ofis tutmaq, yüzlərlə işçiyə maaş vermək, ezamiyyət haqqı ödəmək və sairə lazımdır. Böhran bir çox böyük qəzet kollektivlərinin kiçilməsinə, xərclərin kəskin sürətdə azalmasına gətirib çıxartdı. Məncə, qəzetlər struktur islahatları eləyəcəkləri halda yaşayacaqlar. Təbii ki, artıq böyük tirajlı qəzetlər olmayacaq. Misalçün, teleqraf çıxanda bütün Amerika dəymişdi bir-birinə ki, qəzetlər ölür. Doğrudan da, teleqraf qəzetlərin satışına güclü təsir etdi, sonra teleqrafla qəzetlər arasında əməkdaşlıq yarandı və qəzetlər yenə öz aktuallığını saxladı. Radio və televiziyanın yaranmasıyla da eyni situasiya yaşandı. Baxın, köhnələn yenə teleqraf oldu, qəzetlərsə hələ də yaşayır. Mən kifayət qədər qəzet adı çəkə bilərəm ki, böhran zamanı müxtəlif üsullara əl atıb inkişaf ediblər.

Azər Nəzərov: Əli, onu da nəzərə al ki, gələn ildən “Vaşinqton Post” internetdəki xəbərlərini satışa qoyacaq. Bu o deməkdir ki, internet qəzetlərin durumuna çox güclü təsir edir.

mənbə: mediaforum.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar