Fontu böyüt:
Ukrayna Nazirlər Kabineti 2015-ci ilə kimi elektron idarəetmənin inkişaf konsepsiyasını qəbul edib.
Xeberler.az-ın Rabitə və İnformasiya Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, proqram üç mərhələ üzrə həyata keçiriləcək. 2012-ci ilə kimi inzibati xidmətlərin elektron şəkildə təqdim olunması üçün lazımi normativ-hüquqi və normativ-texniki bazanın işlənib hazırlanması nəzərdə tutulur. İlkin mərhələ çərçivəsində həmçinin müvafiq beynəlxalq standartlarla uyğunlaşdırılmış elektron idarəetmə subyektlərinin qarşılıqlı fəaliyyətləri üzrə vahid standartların, eləcə də vahid ümumdövlət elektron sənəd dövriyyəsi sisteminin yaradılması planlaşdırılır. Bu mərhələdə dövlət hakimiyyəti və bələdiyyə orqanları vətəndaşlara elektron xidmətlərin göstərilməsinə başlayacaq.
2014-cü ilədək davam edəcək növbəti mərhələdə ictimai həyatın bütün sahələrini əhatə edən xidmətlərin elektron formatda təqdim olunması nəzərdə tutulur. 2015-ci ilə kimi davam edəcək üçüncü mərhələ çərçivəsində isə dövlət hakimiyyəti və bələdiyyə orqanlarının vahid informasiya-telekommunikasiya infrastrukturu yaradılacaq.