Fontu böyüt:
Türkiyənin "TRT-1" televiziya kanalının Azərbaycanın milli tezliyində yayımının davam etdirilməsi ilə bağlı müzakirələrə başlanılıb.
"Azərbaycan ərazisində Türkiyənin "TRT-1" televiziya kanalının milli tezlikdə yayımı ilə bağlı sazişin müddəti başa çatdığından, yayımın davam etdirilməsinə dair danışıqlar aparılır. Gələcəkdə bu məsələ ilə bağlı ən optimal variant üzərində qərar qəbul olunacaq və ortaq məxrəcə gələcəyik", - çərşənbə günü Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Azərbaycan və Türkiyə arasında hökumətlərarası razılaşmadan sonra Radiotezliklər üzrə Dövlət Komissiyasının 1995-ci il 8 dekabr qərarı ilə "TRT-1"in Azərbaycanın milli tezliyində yayımı başlanıb. Bundan sonra "TRT-1" televizya kanalının Azərbaycanın milli tezliyində yayımının uzadılması ilə bağlı daha bir sənəd qəbul olunub. "TRT-1"in Azərbaycanın milli tezliyində yayımı ilə bağlı razılaşmanın müddəti bu ilin yanvarın sonunda başa çatıb.
"TRT-1" televiziya kanalı Azərbaycanın milli tezliyində yayımlansa da, AzTV dövlət televiziyası Türkiyədə kabel şəbəkəsi vasitəsi ilə yayımlanır. Bu ilin yanvarında Azərbaycanın milli tezliklərində xarici televiziya və radioların yayımına qadağa qoyulub.
MTRŞ sədrinin sözlərinə görə, "TRT -1" televiziya kanalının Azərbaycan ərazisində yayımlanması ilə bağlı ölkələrarası sazişdəki xüsusi bəndə əsasən, yayımla bağlı hər iki tərəf müəyyən narazılıq bildirməsə, sazişin müddəti avtomatik uzadılır. www.trend.az