Fontu böyüt:
Azərbaycan İnternetinin bloqçuları və yeni media mütəxəssislərinə bir araya gəlmək, fəaliyyətlərini müzakirə etmək şansını təqdim edən “Bloqosfer 2011 – bloqçuların və yeni media mütəxəssislərinin ikinci Forumu”nun keçirilməsində təşkilati işlərə artıq start verilib.
İnformasiya Texnologiyaları, İnternet və Media (İTİM) təşkilatı tədbirinin təşkili üçün regional tərəfdaş təşkilatı seçimi müsabiqəsi elan edir.
Bu müsabiqə Bloqosfer 2011 forumunun hansı regionda, məkanda keçirləcəyini və təşkilatı dəstəyin hansı yerli təşkilat tərəfindən göstəriləcəyini müəyyənləşdirəcək. Azərbaycanın müxtəlif bölgələrindən 150-200-ə yaxın bloqçu, media mütəxəssislərin, dövlət, biznes qurumu nümayəndələrinin iştirak edəcəyi forum 2011-ci ilin avqust ayının sonunda keçiriləcək və 3 gün davam edəcəkdir.
Müsabiqədə kimlər iştirak edə bilər:
* Regional təşkilatlar (qeydiyyatlı və ya qeydiyyatsız);
* Gənclərin təşəbbüs qrupları;
* Digər təşkilatların regional filialları.
Bloqosfer 2011-ə ev sahibi olmaqda maraqlı olan region təşkilatları yalnız öz regionlarını təmsil edən təklif paketi ilə müsabiqəyə müraciət edə bilərlər. Müsabiqə bütün bölgələrdən olan və xüsusən də gənclər tərəfindən idarə olunan təşkilatlar üçün açıqdır.
Bakı, Sumqayıt və Xırdalan təşkilatları bu müsabiqədə iştirak edə bilməzlər.
Seçilmiş regional tərəfdaş təşkilat aşağıdakı imkanları əldə edəcək:
* Böyük bir tədbirin təşkilində ev sahibi olmaq imkanı;
* Tədbirə məsul şəxs üçün yarım ştat hesablı qonorar;
* Təşkilatçılıqla əlaqədər bütün müvafiq xərclərin qarşılanması.
Qalib təşkilat aşağıdakı meyarlar əsasında seçiləcəkdir:
Təşkilatla bağlı tələblər:
* Təşkilatın təcrübəsi;
* Təşkilatın könüllü potensialı;
* Təşkilatın fəaliyyətinin tədbirin mövzu və istiqamətinə uyğunluğu;
* Təmsil etdiyi regionu yaxşı tanımaq və müvafiq qurumlarla əlaqələrin olması;
Tədbir yeri (forumun keçiriləcəyi əsas yer) ilə bağlı tələblər:
* 200 nəfərə qədər iştirakçı üçün əsas konfrans zalının olması (otel, mədəniyyət mərkəzi, açıq hava, digər orijinal ideyalar və s. növ yerlər ola bilər)
* 8 parelel sessiyanın keçirilməsi imkanı;
* Fasiləsiz elektrik enerjisi, İnternet təchizatı;
* Konfrasın iştirakçılarının tədbir yerində və ona mümkün qədər yaxın yerlərdə yerləşdirilmə imkanı;
Region ilə bağlı tələblər:
* 200 nəfərə qədər qonağın münasib qiymətə və münasib şəraitdə yerləşdirilə bilmə imkanı;
* Azərbaycanın bütün regionalarından səfər üçün rahat nəqliyyat strukturunun olması;
* İnternet təchizatı imkanları.
Müraciət qaydası
Müsabiqəyə müraciət etmək üçün http://url.az/b2011 keçidinə daxil olaraq online formanı doldurmalısınız.
Bütün suallarınız üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 13 may 2011, saat 18:00.
Bloqosfer haqqında məlumat
Bloqosfer – bloqçuların və yeni media mütəxəssislərinin forumu ilk dəfə 2010-cu ildə keçirilmişdir. Forumun məqsədi bloqçuların və yeni media mütəxəssislərinin dövlət, biznes, qht və digər maraqlı qurumların iştirakı ilə Azərbaycanda İnternetin, bloqçuluğun və yeni medianın gələcək inkişaf proqramını hazırlamaqdır.
Bloqosfer 2010 forumu ənənəvi forum və barkamp formatını özündə birləşdirən ilk forum olmuşdur. Burada üslubundan və sahəsindən aslı olmayaraq (texnoloji, sosial, elmi, ümumi, biznes və s) hər bir bloqçu və yeni media mütəxəssisi müzakirələrə qoşulmaq və təkliflərini vermək şansını əldə edir. Forum “İnformasiya Texnologiyaları, İnternet və Media” İctimai Birliyinin (İTİM), Barkamp Azərbaycanın, Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə həyata keçirilmişdir.
xeberler.az/Ellada