Fontu böyüt:
AİF-dən xeberler.az-a verilən məlumatda bildirir ki, ölkənin İnternet bazarında 01 fevral 2009-cu il tarixdə həyata keçirilən qiymət endirimindən sonrakı vəziyyətin Monitorinqinin birinci mərhələsi artıq başa çatıb.
Məlum olduğu kimi endirimdən öncə AİF tərəfindən RİTN-nə ölkənin İnternet bazarında dözülməz vəziyyətin yaranması, qiymətlərin qonşu ölkələrlə müqayisədə 20-30 dəfə baha olması və buna görə də ölkənin internet məkanında köklü dəyişikliklər edilməsi, dövlət Provayderlərinə təsir edərək qiymətlərin endirilməsi təklifi irəli sürülmüşdür.
AİF aparılan Monitorinqin nəticələrinə əsasən qiymət endirimindən sonra müəyyən müsbət irəliləyişlərin olduğunu bildirir. İnternet istifadəçilərinin sayının hiss olunacaq dərəcədə artması, Dial-up metodu ilə internetdən istifadə edənlərin yüksək sürətli internetə meyl etdikləri müşahidə olunur. Bir sıra Provayderlərdə infrastrukturun yenidən qurulması və keyfiyyətin artırılmasına daha çox diqqət yetirilməsi nəzərə çarpır.
AİF eyni zamanda bildirir ki, endirimdən sonra bütövlükdə ölkənin İnternet seqmentində İnternetdən istifadə üçün normal, münbit və istifadəçilər üçün sərfəli durumun yaranmasını demək mümkün deyil.
Belə ki, aparılan Monitorinqin nəticələri göstərir ki, əksər Provayderlərdə endirimdən əvvəlki qiymətə uyğun olan sürətin 2 dəfə artırıldığı elan edilsədə, əslində real olaraq əldə olunan sürət xeyli aşağıdır. Konkret Provayderlər üzrə təklif olunan internet sürətlərini real olaraq online formada ölçməyə imkan verən vasitələr bu sürətlərin kəskin dərəcədə aşağı olduğunu göstərir. Xüsusən Bakı ətrafında və Sumqayıt şəhərində internetin keyfiyyətinin hədsiz dərəcədə pis olması qeydə alınıb.
Monitorinqin nəticələri həm də onu göstərib ki, əksər Provayderlər aşağı sürətlər ( 64, 128 kbit/s ) üzrə təklifi dayandırıblar. Bununla bağlı müxtəlif səbəblər irəli sürülsə də AİF bəyan edir ki, əsas səbəb məhdud texniki-texnoloji imkana malik olan Provayderlərə bu sürətlər üzrə təklifin sərf etməməsidir. Uzun müddət investisiya yatırımına diqqət yetirməyən Provasyderlərin mövcud resursları yalnız məhdud sayda istifadəçilərə xidmət etməyə imkan verir ki, bu halda da daha çox gəlirə imkan verən yüksək sürətlərə üstünlük verilir. Bir sıra Provayderlər dövlət və özəl ATS –lərin resurslarından istifadədə hələ də məhdudiyyətlərin və maneçiliklərin olduğunu bildirirlər. Monitorinq həmçinin regionlarda özəl provayderlərin fəaliyyətinin stimullaşdırılmasına yönələn Rabitə və İT nazirinin müvafiq əmrinin ümumiyyətlə icra edilmədiyini göstərib.
Monitorinqin nəticəsi həm də onu göstərib ki, hazırda ölkədə yüksəksürətli internet istifadəçilərin
sayının artmasının qarşısını alan əsas amil ADSL modemin bir qədər baha olması və aylıq ödənişin
mövcudluğudur.
Bunu nəzərə alaraq AİF Provayderlərə modemlərin pulsuz verilməsinə və aylıq ödənişsiz – yalnız
aldığı trafikin həcminə uyğun, qoşulma haqqı olmayan xidmətlərin kompaniyasını aparmağı tövsiyə
edir.
AİF eyni zamanda bildirir ki, araşdırmalar qonşu ölkələrdəki orta internet qiymətləri ilə müqayisədə, hələlik ölkədəki qiymətlərin təxminən 8 - 10 dəfə baha olduğunu göstərir. (Müqayisəli qiymətlər əlavə olunub)
AİF həmçinin, RİTN və Tarif Şurasından, Delta Telekom-dan tariflərin endirilməsi məsələsini diqqətdə saxlamağı, qiymətlərin qonşu ölkələrlə eyni vəziyyətə gətirilməsi, yeni internet texnologiyaların (Wi-Max, Kabel TV və s) tətbiqi istiqamətində addımlar atmağa çağırır. AİF eyni zamanda hazırda xaricdə olan milli informasiya resurslarının ölkə daxilində yerləşdirilməsinin və ölkədə Data Mərkəzin yaradılmasının qiymət endiriminə müsbət təsir edəcəyini bildirir.
Qeyd edək ki, AİF hazırda internet xidmətlərinin qiymətləri və keyfiyyəti ilə bağlı Monitorinq davam etdirilir.Monitorinqlə bağlı əlavə məlumatı www.cit.az saytından əldə edə bilərsiniz.