Fontu böyüt:
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyində (RİTN) telefon və digər rabitə xidmətlərinin
tariflərinə yenidən baxılması üçün tarif paketi hazırlanıb. Qiymətlərin aşağı
salınması ilə bağlı hazırlanan təkliflər Tarif Şurasına təqdim edilib. Bu barədə
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə
açıqlamasında məlumat verib. Nazir qeyd edib ki, təkliflər şəbəkələrin səmərəliliyi,
təhlükəsizliyinin artırılmasına, eyni zamanda yeni xidmətlərin göstərilməsinə təkan
verəcək.
Sözügedən tədbirlər “Azərbaycan
Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili”
elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə Tədbirlər
Planı”nda da əks olunub.
Qeyd edək ki, Tədbirlər Planında “Rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi”, “Telefon, poçt, radiorabitə və tezliklər üzrə tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədilə təkliflərin hazırlanması və Tarif (qiymət) Şurasına müraciət edilməsi”, “Beynəlxalq istiqamətlərdə İP telefoniya tariflərinə yenidən baxılması məqsədilə Tarif (qiymət) Şurasına təkliflərin hazırlanması”, “İnternet xidmətləri qiymətlərinin formalaşmasında iştirak edən amillərin analizi və qiymətlərin aşağı salınması üçün təkliflərin hazırlanması” bəndləri yer alıb.(ictnews.az)