Fontu böyüt:
“NarMobile” və Azərbaycanın informasiya-axtarış portalı YUMROO Azərbaycanın Gənc Sahibkarlar Assosiasiyasının dəstəyi ilə Azərbaycanın İnternet məkanında ilk dəfə olaraq iyunun 8-də saat 20.00-da “İDDİA!” (reality.yumroo.az) Onlayn Realiti-Şousuna start verib. Bir ay ərzində şounun təşkilatçıları layihə üçün iştirakçı qızların seçim mərhələsini keçirərək nəticədə öz seçimlərini etdilər.
Bir ay ərzində 4 qız məhz onların biznes ideyalarının reallaşdırılmağa layiq olduğunu İnternet auditoriyaya sübut etməyə çalışacaqlar. Bunun üçün YUMROO qızları bir evdə yerləşdirib və burada qızlar İnternet auditoriya ilə günün 24 saatını ünsiyyətdə olacaqlar. Bu evdə onlar 30 gün yaşamalıdırlar. Bu müddət ərzində qızlar biznes mövzusunda müxtəlif tapşırıqlar edəcəklər. Bu tapşırıqları etmək üçün qızlar internet auditoriyadan kömək istəyə biləcəklər. Qalib SMS səsverməsi ilə müəyyən olunacaq. Ən çox səs toplayan iştirakçı 3000 manat mükafat və ona göndərilmiş bütün SMS-lərin pullarını əldə edəcək. Bu pullar iştirakçıya şəxsi biznesini açmaq imkanını verəcək.
Qeyd edək ki, layihə Biznes Ledi istedadına malik olan, amma planlarını reallaşdırmaq üçün kifayət qədər vəsaitləri olmayan qızlar üçün nəzərdə tutulub.