Fontu böyüt:
Martın 16-dan 22-dək Gənclər və İdman Nazirliyinin (GİN) və “Avropa Tələbələr Forumu - Bakı” İctimai Birliyinin (ATFBİB) təşkilatçılığı ilə “Novruz-2009” Gənclərin Beynəlxalq Festivalı fəaliyyətə başlayıb.
Dünən festivalla bağlı GİN-in mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan gəclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə gənclər təşkilatları üçün hər bir şəraitin yaradıldığını və bu sahədə dövlət və nazirlik tərəfindən uğurlu işlər aparıldığını bildirib.
Festivala Almaniya, Gürcüstan, Ukrayna, Polşa, Böyük Britaniya, Yaponiya, Qırğızıstan, Misir, Moldova, Rusiya, İordaniya, Suriya, Türkiyə və Azərbaycandan 30-dan artıq gəncin qatıldığını deyən nazir müavini vurğulayıb ki, festivalın əsas məqsədi dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası gənclər mübadiləsini təşkil etməkdir.
Festival haqqında ətraflı məlumat verən ATFBİB-nin sədri Emin Abdullayev qeyd edib ki, dəvətli qonaqlara “dözümlülük”, “yerli adət-ənənələr və qloballaşma”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi” mövzuları üzrə təlimlər keçiriləcək. Onun sözlərinə görə, Azərbaycan ailələrində Novruz axşamını qeyd edəcək iştirakçılar eyni zamanda, tarixi abidələrə səfərlər edəcək və Bakı şəhərində təşkil ediləcək bayram şənliklərində də iştirak etmək imkanı əldə edəcəklər. E.Abdullayev əlavə edib ki, Festival və Novruz bayramı haqqında daha çox Avropa ölkələrinin gənclərinin məlumatlandırılması məqsədilə ayrıca internet saytı da yaradılıb.
Qeyd edək ki, Festival 2008-ci ildən ənənəvi olaraq gənclərin beynəlxalq mədəni mübadiləsi formatı çərçivəsində təşkil edilir və Avropa Tələbələr Forumu festivalı illik fəaliyyət planına daxil edib.