Fontu böyüt:
Microsoft, Google və Nokia şirkətləri ötən rübə dair maliyyə hesabatlarını təqdim ediblər. Gözlənildiyi kimi, ötən rübün yekunları üzrə şirkətlərin mənfəətləri xeyli azalıb.
Microsoft-un məlumatlarına əsasən, ötən rübdə şirkətin təmiz gəliri 4,17 milyard ABŞ dolları və ya bir səhmə görə 47 sent təşkil edib. Qeyd edək ki, ötən ilin həmin dövründə bu göstəricilər 4,71 milyard dollar və ya bir səhmə görə 50 sentə bərabər idi. İkinci maliyyə rübündə Microsoft-un satış həcmi 16,5 mlrd. dollar olub.
Şirkətdə qeyd edirlər ki, Microsoft qlobal iqtisadi problemlərdən sığortalanmayıb, www.cybersecurity.ru yazır.
Google şirkətinin ötən ilin 4-cü rübünə dair maliyyə hesabatı isə analitiklərin proqnozlarından yaxşı olmasına baxmayaraq, ötən illə müqayisədə ciddi enmənin qarşısını almaq mümkün olmayıb. Belə ki, hesabat dövrü ərzində şirkətin təmiz gəliri 382,4 milyon dollar təşkil edib ki, bu isə bir səhmə görə 1,21 dollar deməkdir. Bu göstərici, 4,96-5,10 dollar səviyyəsində verilən optimistik proqnozlardan olduqca aşağıdır. Lakin Google-da qeyd edirlər ki, AOL və Clearwire şirkətlərinə investisiyalarla bağlı 1,09 milyard dollar məbləğində silinmələri nəzərə almaq lazımdır. Nəticədə ötən illə müqayisədə Google-un mənfəəti 68% aşağı düşüb.
Nokia şirkətinin təqdim etdiyi maliyyə hesabatında mütəxəssislərin proqnozlarında daha kəskin ziyan müşahidə olunur. Hesabatın təqdim olunmasından qabaq demək olar ki bütün birja analitikləri Nokia-nın mənfəətinin təxminən 50% enəcəyini proqnozlaşdırırdılar. Əslində isə Nokia hətta bu neqativ göstəriciləri də geridə qoyub.
Belə ki, dördüncü rüb ərzində Nokia-nın mənfəəti 576 milyon avroya və ya bir səhmə görə 15 sentədək enib. Bir il qabaq bu göstərici 1,84 milyard avro və ya bir qiymətli kağıza görə 47 sent təşkil edirdi. Analitiklər gözləyirdilər ki, şirkət heç olmasa 975 milyon avro əldə edə biləcək. Şirkətin ümumi satış həcmi 20% azalıb.