Fontu böyüt:
Yanvarın ortalarında «Twitter» və «Facebook» kimi beynəlxalq sosial şəbəkələrdə Azərbaycanın rəsmi səhifələri açılacaq.
Bu addımın atılmasında əsas məqsəd Azərbaycan haqqında həqiqətləri geniş oxucu kütləsinə çatdırmaqdı. Bu barədə məlumat verən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanlı bildirib ki, həmin sosial şəbəkələrdə bir neçə beynəlxalq təbliğat kampaniyasına start veriləcək: “Sosial şəbəklərdə həm 20 Yanvar, həm Xocalı faciəsi, eyni zamanda 88-ci ildə Sumqayıtda baş verən hadisələrlə bağlı kampaniyalara start veriləcək ki, sosial şəbəkələr vasitəsilə insanlar daha çox məlumat əldə etsinlər. “ Azərbaycan xalq diplomatiyası layihəsini də genişləndirmək niyyətindədir.
Elnur Aslanlı deyir ki, ölkəmizi daha yaxından tanıtmaq üçün Azərbaycana gələcək dünyanın tanınmış beyin mərkəzləri, eləcə də KİV nümayəndələrinin sayı artırılacaq. Bundan başqa Avropanın bir sıra ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşlər də planlaşdırılır. Şöbə müdiri onu da vurğulayıb ki, dünyanın tanınımş beyin mərkəzlərində təcrübə keçən azərbaycanlı gəncilərin ölkəmizdə fəaliyyət göstərmələri üçün də addımlar atılır. Onun sözlərinə görə, bu, hazırda prioritet layihələrdən biri hesab olunur.